Bank Of Baku

Avropa Birliyi: «Lukaşenko ilə əməkdaşlıq boş vaxt itkisidir»

Avropa Birliyi: «Lukaşenko ilə əməkdaşlıq boş vaxt itkisidir»
# 25 dekabr 2010 01:23 (UTC +04:00)
Bakı-APA. Yenidən Belarus prezidenti seçilmiş Aleksandr Lukaşenko ilə «əvvəlki kimi iş görmək» olmaz. APA-nın məlumatına görə, Parisdə çıxan International Herald Tribune qəzetində dərc olunmuş məqalədə Almaniya, İsveç, Polşa və Çexiya XİN başçıları belə bir fikir ifadə ediblər.

«Ötən həftə Belarusda keçirilmiş prezident seçkilərindən sonra baş verənlərdən sonra Avropa Birliyi və Aleksandr Lukaşenko arasında əvvəlki kimi normal münasibətlər ola bilməz», deyə Gido Vestervelle, Karl Bildt, Radek Sikorski və Karel Şvartsenberq yazırlar.

«Son aylar Lukaşenkonun sözlərinə ciddi yanaşmağın mümkünlüyünə olan ümid artırdı. O beynəlxalq müşahidəçiləri dəvət edəcəyini bildirirdi və bu sözünə əməl etdi. O seçki kampaniyası dövründə müxalifətə daha çox sərbəstlik verəcəyini deyirdi və biz həqiqətən də bu istiqamətdə müəyyən tərəqqi gördük», deyə məqalədə vurğulanır.

XİN başçıları xatırladırlar ki, bundan sonra AB Minskə qarşı bəzi sanksiyaları dayandırıb. Brüsseldə hətta Belarusa iqtisadi yardımın mümkünlüyündən də söz açılıb.

«Lakin sonra hər şey dəyişdi. Müstəqil müşahidəçilər seçki məntəqələrinin yarısında səssaymanın nəticələrini pis və çox pis kimi dəyərləndirdilər», deyə nazirlər vurğulayırlar.

«Dekabrın 19-u axşam Minskdə mitinqi dağıdandan sonra isə Lukaşenko ilə əməkdaşlıq boş vaxt itkisi kimi görünür. O öz seçimini etdi və bu seçim Avropa Birliyinin müdafiə etdiyi dəyərlərə qarşıdır», deyə onlar bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR