Almaniya xarici işlər naziri Annalena Berbok bu gün Çinə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Almaniya xarici işlər naziri səfər öncəsi bəyanatında bildirib ki, Çin Avropa üçün tərəfdaş və rəqibdir. "Gələcəkdə bunu hansı istiqamətə dəyişəcəyi də Çinin hansı yolu seçməsindən asılıdır. Yeni Çin strategiyamızla biz Çinin dünyada dəyişən rolunu nəzərə alacağıq".
Səfərin məqsədinə toxunan xanım Berbok deyib ki, o, Çində rəhbərliyin getdiyi istiqamət, həmçinin siyasi nəzarət və iqtisadi açıqlıq arasında balansla bağlı təəssürat əldə etmək istəyir. "Mən eyni zamanda vətəndaş cəmiyyətinin təşviqində, iqlimin qorunmasında və bərpa olunan enerji kimi gələcək sektorlarda daha geniş əməkdaşlıq imkanlarını öyrənmək istəyirəm. Bizim iqtisadi təcriddə heç bir marağımız yoxdur – istənilən halda qloballaşan dünyada buna nail olmaq çətin olardı – lakin biz birtərəfli asılılıq risklərinə daha sistemli baxmalı, onları azaltmalıyıq eyni zamanda digər riskləri aradan qaldırmalıyıq. Bu, dünya ticarətinin 50 faizinin hər gün keçdiyi Tayvan boğazında hərbi eskalasiyanın dəhşətli ssenarisi baxımından xüsusilə önəmlidir. Buna görə də səfərim zamanı mən həmçinin Tayvan boğazında status-kvonun birtərəfli qaydada dəyişdirilməsinin, xüsusən də hərbi eskalasiyanın qəbuledilməz olacağına dair ümumi Avropa yanaşmasını vurğulayacağam", Almaniya xarici işlər naziri bəyanatında qeyd edib.
O vurğulayıb ki, səfərlə bağlı gündəliyində əsas müzakirə mövzusu Ukraynadakı müharibəni tez, dayanıqlı və ədalətli şəkildə sona çatdırmaq marağının olduğunu vurğulamaqdır. "BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çin dünya sülhü üçün xüsusi məsuliyyət daşıyır. Çinin qlobal məsələlərə diqqət yetirmək istəyi bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətləri normallaşdırmaq üçün vasitəçilik səyləri ilə nümayiş etdirildi. Çinin Rusiyaya təsiri ilə bağlı rolu Avropanın Çinlə əlaqələri baxımından önəmli olacaq".
Annalena Berbok həmçinin qeyd edib ki, o, Çində ümumbəşəri insan hüquqlarının qorunması haqqında danışacaq.
Bildirilib ki, Almaniya xarici siyasət idarəsinin rəhbəri aprelin 13-15-də Çində səfərdə olacaq.