G7 Rusiya Prezidenti Vladimir Putini Ukraynada öz məqsədlərinə nail ola bilməyəcəyinə inandırmalıdır.
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Yaponiyada keçirilən G7 ölkələri XİN başçılarının görüşündən öncə deyib.
Berbok əlavə edib ki, G7 ötən il ardıcıl maneələr yaradaraq, qışda Ukrayna xalqına yardım edərək, sanksiyalar tətbiq edərək və neft qiymətləri üçün limit müəyyənləşdirərək Rusiya təcavüzünün qarşısını alıb.
“Bizim dəstəyimiz Ukraynaya Rusiyanın enerji müharibəsinə və qış hücumlarına tab gətirməyə yardım edib. İndiki mərhələdə bizim qətiyyətimiz Putinə göstərməlidir ki, o, öz hədəflərinə yorğunluq və aşındırma yolu ilə nail ola bilməyəcək. G7 olaraq biz birlikdə güclüyük, çünki biz nəyi müdafiə etdiyimizi əminliklə bilirik: Qanunun aliliyi və beynəlxalq hüququn üstünlük təşkil etdiyi beynəlxalq nizam, asılılığa deyil ədalətli və universal rəqabət prinsiplərinə əsaslanan iqtisadi bağlar”.
Yaponiyanın G7 təşkilatına sədrliyi Almaniyadan təhvil aldığını xatırladan Annalena Berbok Tokioya etibarlı tərəfdaş olduğu üçün təşəkkür edib.