Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans payızda postundan gedəcək.
APA "Reuters"ə istinadən xəbər verir ki, Aİ-nin iqlim məsələləri üzrə top diplomatı Frans Timmermans Niderlandın növbəti Baş naziri olmaq istədiyini və noyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bildirib.
Timmermans, sol təmayüllü partiyalara dəstəyin azalmasının qarşısını almaq üçün qüvvələrini birləşdirən Əməkçilər və Yaşıl Sol partiyalarına rəhbərlik etmək üçün namizədliyini rəsmən açıqlayıb.
"Bu səhər mən Əməkçilər və Yaşıl Sol partiyalara növbəti seçkilərdə rəhbərlik etmək üçün namizəd olmaq istədiyimi açıqladım. Baş nazir olmaq istəyirəm, çünki düşünürəm ki, biz siyasətlə son illərdəkindən fərqli şəkildə məşğul ola bilərik, daha ədalətli, bazarın xalqa xidmət etdiyi cəmiyyət yarada bilərik", - Timmermans Niderland milli televiziyasına deyib.
Avropa Komissiyasının sözçüsü Timmermansın mümkün gedişi ilə bağlı şərh verməkdən imtina edib.
62 yaşlı Timmermans Avropa Komissiyasının vitse-prezidenti vəzifəsini icra edir və Aİ-nin Yaşıl Sövdələşməyə - iqlim dəyişikliyi və ətraf mühitə dair geniş siyasət paketinə cavabdehdir. Onun Niderlanddakı seçki kampaniyasına qoşulmaq üçün payızdan əvvəl Aİ-dəki vəzifəsini tərk edəcəyi gözlənilir. O, həm də Niderladda tanınmış simadır, 2012-2014-cü illərdə Ruttenin əvvəlki kabinetində xarici işlər naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, Niderlandın Baş naziri Mark Ruttenin dörd partiyadan ibarət koalisiya hökuməti immiqrasiyanın məhdudlaşdırılması ilə bağlı qanun barədə razılığa gələ bilmədiyi üçün o, bu ayın əvvəlində istefa verib. Noyabrın 22-də ölkədə seçki keçiriləcək.