Baltikyanı ölkələrdəki Çin səfirləri Xarici İşlər Nazirliklərinə çağırılacaq.
APA xəbər verir ki, bunu Litvanın XİN rəhbəri Qabrielius Landsberqis Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasından əvvəl jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, Litva, Latviya və Estoniya XİN tərəfindən verilən bu qərara səbəb Çinin Fransadakı səfiri Liu Şayenin keçmiş sovet respublikalarının suveren dövlət statusunu müəyyən edən beynəlxalq müqavilənin olmaması ilə bağlı bəyanatıdır.
Xatırladaq ki, Çinin Fransadakı səfiri Liu Şaye Fransanın “LCI” telekanalına müsahibəsində Krımın statusunu şərh edərkən deyib ki, Krım qədim rus torpağıdır və hətta keçmiş SSRİ ölkələrinin suveren dövlət statusunu müəyyən edən heç bir beynəlxalq müqavilə yoxdur.
Bunun ardınca isə Avropa Parlamentinin 80 nəfərdən ibarət qrupu Fransa xarici işlər nazirinə Çin səfirinin bəyanatları ilə əlaqədar “arzuolunmaz şəxs” elan edilməsi xahişi ilə məktub göndərib.