Rusiya iyulun 18-də Ukraynanın Odessa şəhərinə və cənubdakı bir sıra ərazilərə uzunməsafəli “AS-4 Kitchen” (X-22) raketləri ilə hücum edib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, sözügedən 5,5 ton çəkiyə malik raketlərin istifadəsi əslində aviadaşıyıcılara qarşı nəzərdə tutulub.
Qeyd olunub ki, raket zərbələri nəticəsində Odessanın cənubundakı Çernomorsk limanında taxıl anbarlarına, həmçinin şəhərin tarixi mərkəzinə ziyan dəyib.
Məlumatda qeyd olunub ki, Rusiya iyulun 24-də Rumıniya sərhədindən 200 metr məsafədə yerləşən Danube çayındakı limana da zərbə dronu ilə hücum edib.
Kəşfiyyatın məlumatında qeyd olunub ki, “taxıl razılaşması” qüvvədə olduğu müddətdə Rusiya cənubdakı limanların mülki infrastrukturuna zərbə endirməkdən çəkinib, lakin müqavilənin başa çatmasından özünü siyasi anlamda daha az məhdudlaşdırılmış hiss edir.
Əlavə olunub ki, Rusiyanın Odessaya hücum etməkdə məqsədi Ukraynanın bu ərazilərdə silah-sursat toplamasına inanmasıdır.
Vurğulanıb ki, müharibənin əvvəlindən Rusiyanın avia zərbələri zəif kəşfiyyat və qeyri-funksional hədəfləmə prosesləri ilə xarakterizə edilir.