Vilnüsdə keçiriləcək NATO Zirvəsi çərçivəsində Türkiyənin İsveçin alyansa daxil olması ilə bağlı qərar verməsi gözlənilmir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyənin bu məsələ ilə mövqeyi dəyişməyib, Ankara Stokholmdan tam şəkildə terrorla mübarizə aparmağı tələb edir?
“Ümid edirəm ki, qeyri-adi bir hadisə baş verməsə, bu Zirvədə iştirak edəcəyəm. İsveçin bu gözləntiləri o demək deyil ki, biz buna əməl edəcəyik. Bu gözləntilərə əməl etməyimiz üçün ilk növbədə İsveç üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Türkiyə lideri bu yaxınlarda NATO-nun Baş katibi Yens Stoltenberqin İstanbula səfərini xatırladıb. Ərdoğan diqqətə çatdırıb ki, o, Stoltenberqə İsveçin gözləntilərinə cavab verilməsi üçün, ilk növbədə ölkənin ərazisində terror təşkilatının fəaliyyətinə son qoymalı olduğunu deyib.