Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb.
APA xəbər verir ki, bu barədə səhiyyə naziri Zurab Azaraşvili bildirib.
O, 25 nəfərin axtarışlarının aparıldığını qeyd edib.
***
14:28
Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə hadisə yerində jurnalistlərə açıqlama verən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. O, xilasedicilərin ötən gün 2, bu gün isə 5 nəfərin meyitini torpaq kütləsinin altından çıxardıqlarını deyib.
Baş nazir əlavə edib ki, təbii fəlakətlə əlaqədar həftə sonu aktiv iş günü kimi davam etdiriləcək, avqustun 7-si isə Gürcüstanda matəm günü olacaq.
Qaribaşvili deyib ki, torpaq uçqununun fəsadlarının aradan qaldırılmasına xilasedicilərlə yanaşı, ordu da cəlb ediləcək. O, müdafiə qüvvələrinin yerlərdə xüsusi texnika ilə işləyəcəyini deyib.
Qaribaşvili vəziyyətin çox ağır olduğunu, ərazidəki kotteclərin bir hissəsinin torpaq kütləsinin altında qaldığını vurğulayıb.
***
11:26
Gürcüstanda torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində daha 4 nəfərin meyiti tapılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bununla da təbii fəlakət nəticəsində həlak olanların sayı 6-ya çatıb.
Xatırladaq ki, dünən Gürcüstanın Oni bələdiyyəsi ərazisindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb.