İşğaldan azad edilmiş ərazilərdə indiyədək 610 hektar meşə fondu sahəsində əkin və səpin işləri həyata keçirilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov oktyabrın 30-da Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun Ağdam şəhərində keçirilən iclasında deyib.
O bildirib ki, əkin və səpin işləri Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə, Laçın və Füzuli rayonlarını əhatə edib.
Nazir müavininin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə meşəbərpa tədbirləri çərçivəsində Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazi planlaşdırma sənədlərində yeni yaşıllıq zolaqlarının salınması üçün nəzərdə tutulan torpaq sahələrində ümumilikdə 205 hektar yaşıllıq massivi yaradılıb.
V.Kərimov qeyd edib ki, bu tədbirlər ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları nəzərə alınmaqla həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.