“Pulsuz hüquqi yardımın ayrıca qanunla tənzimlənməsi vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Məmmədova “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib.
Deputat bildirib ki, əslində, maddi çətinliklər heç bir vətəndaşın hüquqi müdafiədən kənarda qalmasına səbəb olmamalıdır: “Çünki hüquqların real təminatı həmin hüquqları müdafiə etmək imkanının hər kəs üçün əlçatan olması ilə ölçülür”.
Nigar Məmmədova qanun layihəsində müraciət prosesinin elektronlaşdırılmasını müsbət qiymətləndirib: “Dövlət informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi məlumatların təkrar toplanmasının qarşısını ala, müraciətlərin daha şəffaf və operativ idarə olunmasına şərait yarada bilər”.
Deputatın fikrincə, elektron sistem vasitəsilə vətəndaşlar müraciətlərinin vəziyyətini və hansı mərhələdə olduğunu izləyə bilməlidirlər: “Xüsusilə, dövlət informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi vacibdir. Bununla yanaşı, elektron sistemin vətəndaş üçün daha rahat və anlaşıqlı olması da əhəmiyyətlidir. Müraciətin hansı mərhələdə olduğu, hansı məlumatların yoxlanıldığı və prosesin vəziyyəti barədə elektron qaydada məlumat əldə etmək imkanı vətəndaşların məlumatlılığını artırar və müraciət prosesinə etimadı gücləndirər.
Düşünürəm ki, rəqəmsallaşdırma yalnız sənədlərin elektron formada təqdim edilməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd bütün prosesi mümkün qədər əlaqələndirilmiş, avtomatlaşdırılmış və şəffaf şəkildə təşkil etməkdir. Bu baxımdan, dövlət xidmətlərinin rəqəmsallaşdırılması siyasətinə uyğun olaraq, pulsuz hüquqi yardım sahəsində də elektron infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsini məqsədəuyğun hesab edirəm. Biz elə bir sistem qurmalıyıq ki, vətəndaş vaxtını sənədlərin arxasınca getməyə deyil, öz hüquqlarının müdafiəsinə sərf etsin, vəkilin əməyi obyektiv qiymətləndirilsin və hər bir insan keyfiyyətli hüquqi yardım almaq imkanına malik olsun”.