Gürcüstanın Kaxeti rayonunun Qurcaani şəhərinin mərkəzi və bir neçə kənd sel suları altında qalıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, dünən günün ikinci yarısında yağan güclü leysan nəticəsində rayon ərazisindəki çaylar daşıb. Nəticədə əkin sahələri, yollar, mağazalar, evlərin zirzəmiləri və birinci mərtəbələri su altında qalıb. Təbii fəlakət bölgəsindən yayılan görüntülərdə güclü selin avtomobilləri apardığı əks olunur.
Məlumata görə, bölgədə yüzlərlə sakin elektrik enerjisi və təbii qazdan məhrum qalıb.
Əraziyə gələn müxalif fəallarla yerli icra hakimiyyəti orqanının nümayəndələri arasında qarşıdurma olub.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına və dəyən zərərin müəyyənləşdirilməsinə başlanıldığı bildirilir. Ərazidə ağır texnikalarla təmizlik işləri davam etdirilir.