İsveç parlamenti hökumətin ölkədə yeni Xarici Kəşfiyyat Xidmətinin (UND) yaradılması ilə bağlı qanun layihəsini dəstəkləyib.
APA xəbər verir ki, bu barədə İsveç parlamenti məlumat yayıb.
Yeni qurum 2027-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq.
Hökumətin daha əvvəl açıqladığı məlumata görə, yeni xidmət hərbi kəşfiyyatın bəzi funksiyalarını öz üzərinə götürəcək və İsveç Silahlı Qüvvələri, ölkənin milli kəşfiyyat xidməti və təhlükəsizlik polisi ilə sıx əməkdaşlıq edəcək.
İsveç hökuməti hesab edir ki, təhlükəsizlik sahəsində gərgin vəziyyət, geniş spektrli təhdidlər, texnologiyaların sürətli inkişafı və ölkənin NATO üzvlüyü kəşfiyyat sisteminin gücləndirilməsini zəruri edir.
Yeni qurumun yaradılması ilə bağlı təklif 2025-ci ilin iyununda İsveçin keçmiş xarici işlər naziri Karl Bildtin rəhbərliyi ilə aparılan araşdırma çərçivəsində irəli sürülüb.