Litva əvvəllər sərhəd istiqamətindən "şübhəli obyekt"in müşahidə edildiyi Kalininqrad vilayətindəki insidentə aidiyyəti olması barədə məlumatları təkzib edib.
APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Kestutis Budris "X" sosial şəbəkəsində yazıb.
"Litva Xarici İşlər Nazirliyi ölkənin Rusiyanın Kalininqrad vilayətinə dron zərbəsində ehtimal olunan iştirakı ilə bağlı sosial şəbəkələrdə yayılan yalan iddiaları qətiyyətlə rədd edir. Litva Respublikası hazırkı hadisə də daxil olmaqla, Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz hava məkanından istifadəyə heç vaxt icazə verməyib", - bəyanatda bildirilib.
Qeyd edək ki, ötən gün Rusiyanın Kalininqrad vilayətinin Neman rayonunda Litva istiqamətindən gələn şübhəli obyektin aşkarlanması səbəbindən pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlıq sistemi işə düşüb.