Macarıstan İsveçin NATO-ya üzv olması ilə bağlı protokolu Türkiyədən daha tez ratifikasiya edəcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Bosniya və Herseqovina xarici işlər naziri ilə görüşdən sonra mətbuat konfransında deyib.
“Biz İsveçin NATO-ya daxil olmasını dəstəkləyirik”, - deyən XİN rəhbəri hökumətin bu məsələ ilə bağlı mövqeyini çoxdan açıqladığını vurğulayıb. "Əgər biz bunu dəstəkləməsəydik, ratifikasiya təklifini parlamentə təqdim etməzdik", - o əlavə edib.
Onun sözlərinə görə, bundan sonra parlamentarilər qərar qəbul etməlidir.
"Son bəyanatlardan məlum idi ki, Türkiyədə ratifikasiya prosesi sabah başa çatmayacaq və bizim də bu prosesi sonuncu tamamlamayacağımızla bağlı əvvəlki vədimiz qüvvədə qalır", - XİN rəhbəri bildirib.
Qeyd edək ki, Türkiyədə olduğu kimi, Macarıstan parlamentində də bu məsələ ilə bağlı səsvermənin payıza təxirə salındığı deyilir. Macarıstan parlamenti artıq yaz sessiyasını başa vurub və sentyabrın 25-də yenidən iclas keçirəcək.