"Ukrayna NATO-nun üzvü olacaq".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq PBS kanalına müsahibəsində deyib.
Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı sualı cavablandıran NATO Baş katibi deyib ki, bu məsələ ilə bağlı müttəfiqlər arasında məsləhətləşmələr davam edir: "Və biz bunu yekunlaşdırmamışıq. Konkret nəticəni qabaqcadan söyləmək hələ tezdir. Lakin müttəfiqlər bir çox məsələlərdə razıdırlar. Biz NATO-nun qapısının açıq olduğu barədə ortaq fikirdəyik. Finlandiya və İsveçlə bağlı bir daha göstərdik ki, NATO yeni üzvlərə açıqdır. Biz həmçinin razıyıq ki, Ukrayna bu alyansın üzvü olacaq. Bu, dəfələrlə NATO tərəfindən bəyan edilib və sonuncu dəfə biz ötən yay sammitimizdə bu barədə vurğuladıq".
NATO Baş katibi Stoltenberq əlavə edib ki, hərbi bloka qoşulmaq barədə qərarı yalnız Ukrayna və müttəfiq ölkələr verə bilər: "Biz razılaşırıq ki, Ukraynanın NATO-ya qoşulmasının doğru zamanı barədə Ukrayna özü və NATO-nun 31 üzvü qərar verəcək. Bu, Rusiyanın üzərinə düşmür, Rusiyanın bununla bağlı veto hüququ yoxdur. Mən gələcək sammitimizdə NATO-nun Ukrayna barədə güclü mesaj verəcəyinə əminəm, çünki biz Ukraynanın yanında olmalıyıq.
Mən anlayıram ki, Prezident Zelenski NATO-ya üzvlüklə bağlı aydın bir zaman cədvəli istəyir. Ancaq eyni zamanda, mən hesab edirəm ki, müharibənin ortasında olduğumuz bir zamanda hər hansı dəqiq tarix vermək mümkün deyil. NATO müttəfiqləri aydın şəkildə bəyan edəcək ki, indiki məqamda ən təcili vəzifə Ukraynanın suveren, müstəqil bir ölkə kimi qalib gəlməsini təmin etmək, daha çox hərbi dəstək verməkdir. Çünki Ukrayna qalib gəlmədiyi halda üzvlük müzakirəsi də olmayacaq. Yalnız müstəqil, suveren və demokratik Ukrayna NATO-nun üzvü ola bilər. Mən gözləyirəm ki, biz Ukrayna üçün uzunmüddətli planı da təsdiqləyə biləcəyik ki, bu plan - proqram Ukraynanın köhnə sovet standartlarından və doktrinalarından müasir NATO standartlarına keçidini təmin edəcək və bu da ölkəni NATO üzvlüyünə daha da yaxınlaşdıracaq", - Stoltenberq vurğulayıb.