Ukraynanın Odessa şəhərində hərbçiyə məxsus olduğu bildirilən avtomobilin partlaması nəticəsində bir nəfər yaralanıb.
Bu barədə “RBK-Ukrayna” Odessa vilayət polisi idarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saat 08:00 radələrində şəhərin Peresıp rayonunda, Semen Paliy küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində qeydə alınıb.
Məlumata görə, avtomobilin sahibi sükan arxasına əyləşərək mühərriki işə saldığı zaman partlayış baş verib. Nəticədə 49 yaşlı sürücü xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib.
“RBK-Ukrayna”nın mənbələrinin bildirdiyinə görə, partlayan avtomobil hərbçiyə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.