"Müharibə ilə bağlı situasiya həmişəkindən daha ciddidir və Avropa hələ də müharibə psixozu vəziyyətindədir".
APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" Radiosunun "Sabahın xeyir, Macarıstan" proqramına müsahibəsində deyib.
Baş nazir Orbanın sözlərinə görə, Macarıstanın mövqeyi ondan ibarətdir ki, döyüş meydanında bu müharibənin həlli yoxdur: “Ona görə də diplomatiyadan istifadə edilməli və sülh danışıqları başlamalıdır”.
Baş nazir bildirib ki, atəşkəs olarsa, inflyasiya da aradan qalxa bilər:
“Müharibənin əvvəlində Qərbin seçdiyi hərbi strategiya - rusların döyüşən Ukrayna əsgərləri və Qərbin silah göndərməsi ilə hərbi yolla məğlub ola biləcəyi - ağlabatan bir strategiya idimi? Bu, açıq-aydın qüsurlu hərbi konsepsiyadır”.
Viktor Orban qeyd edib ki, sonda sülh tərəfdarlarının yanılmadığı və sülhə səs verməklə onların mənəvi cəhətdən haqlı olduğu ortaya çıxacaq. Baş nazir vurğulayıb ki, bir neçə aydan sonra bu, Qərbdə normaya çevrilə bilər.
“ABŞ rəhbərliyində sülh tərəfdarı liderin olması Macarıstanın maraqlarına uyğundur, lakin Soros imperiyası Donald Trampa qəzəblə hücum edir”, - o əlavə edib.