Gürcüstandan ayrı-ayrı ölkələrin əleyhinə və ya onların xeyrinə alət kimi istifadə edilməsi cəhdləri olub.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qurulmasının ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib. Baş nazir vurğulayıb ki, hökumətin əsas şüarı milli maraqların qorunması və başqa dövlətlərin maraqlarına xidmət etməməkdir.
İrakli Qaribaşvili Gürcüstanın geosiyasi böhranlardan və mövcud təhlükələrdən uzaq duracağını bəyan edib. O, Gürcüstanın praqmatik siyasət yürütdüyünü, öz qonşuları və böyük dövlətlərlə əlaqələrini sürətlə inkişaf etdirdiyini, regional və beynəlxalq əhəmiyyətini artdırdığını deyib.
“İnanıram ki, praqmatik, nəticəyönümlü siyasətimiz nəticəsində ərazilərimiz sülh yolu ilə işğaldan azad edilməsinə və ölkəmizə inteqrasiyasına nail olacağıq”, - Qaribaşvili deyib.