Rusiyanın 2022-ci ildə Ukraynada müharibəyə başlamasının səbəbi NATO-nun genişlənməsi olub.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu SLovakiyanın paytaxtı Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda (GLOBSEC) Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Əsas səbəblərdən biri NATO, NATO-nun genişlənməsi idi. Eləcə də bir sıra digər səbəblər”, - Qaribaşvili deyib.
Baş Nazir moderatorun növbəti “siz düşünürsünüz ki, NATO-nun genişlənməsi müharibəni təhrik edib?” sualına cavabında əlavə edib ki, səbəblərdən biri Ukraynanın alyansa üzv olmaq istəyi və qətiyyəti olub:
“Spekulyasiya etmək istəmirəm. Rusiya hökumətinin bəyanatlarına da istinad etmək istəmirəm. Amma səbəblərdən biri Ukraynanın NATO üzvü olmaq istəyi və qətiyyəti idi. Ona görə də biz nəticələri gördük”, - Qaribaşvili deyib.