Slovakiya Ukraynaya 30 ədəd piyadanın döyüş maşını (PDM) təhvil verməsi müqabilində Almaniyadan əldə edəcəyi vəd edilən 15 "Leopard 2A4" tankından ikincisini qəbul edib.
APA xəbər verir ki, bu barədə Slovakiyanın TASR xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Slovakiya daha əvvəl Ukraynaya Çexoslovakiyada sovet lisenziyası əsasında istehsal edilmiş 30 ədəd tırtıllı BMP-1 təhvil verib.
Slovakiya hərbçilərinə ikinci "Leopard 2A4" tankının təhvil verilməsi Almaniyada baş tutub. Bratislavanın ilin sonunadək yerdə qalan 13 tankı da təhvil alacağı gözlənilir.
"Leopard" tanklarının əldə edilməsindən sonra Slovakiya ordusunun xidmətində əksəriyyəti T-72 tankları olmaqla ümumilikdə 45 tank olacağı bildirilir.