Bank Of Baku

Tbilisidə binada partlayış baş verib, dağıntılar altından üç nəfərin meyiti çıxarılıb - VİDEO - YENİLƏNİB-2

Tbilisidə binada partlayış baş verib, dağıntılar altından üç nəfərin meyiti çıxarılıb - VİDEO  - YENİLƏNİB-2
# 19 noyabr 2026 18:55 (UTC +04:00)

Tbilisidə partlayış baş vermiş yaşayış binasının dağıntıları altından daha bir nəfərin meyiti çıxarılıb.

APA yerli mediaya istinadən xəbər verir ki, bununla dağıntılar altından çıxarılanların sayı 3-ə çatıb. Meyiti çıxarılanlardan ikisi qadın, biri uşaqdır.

Daha üç nəfərin axtarışı davam etdirilir.

***

18.37

Tbilisidə partlayış baş vermiş yaşayış binasının dağıntıları altından iki nəfərin meyiti çıxarılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, dağıntılar altından bir qadın və bir uşağın meyiti çıxarılıb.

***

17:21

Tbilisinin Krtsanisi rayonunun Zemo Poniçala qəsəbəsində partlayış baş vermiş beşmərtəbəli binanın dağıntıları altından azyaşlı uşaq sağ çıxarılıb.

APA-nın yerli bürosu xəbər verir ki, dağıntılar altında qalan daha 6 nəfərin axtarışları davam etdirilir.

Axtarış-xialsetmə əməliyyatına xüsusi texnika, canlı qüvvə və xüsusi təlim keçmiş itlər cəlb olunub. İstinad divarının uçma ehtimalı əməliyyatın həyata keçirilməsini çətinləşdirir.

Faktla bağlı cinayət işi açılıb, təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.

Qeyd edək ki, hadisəyə beşinci mərtəbədə istifadə olunan qaz qızdırıcısının partlamasının səbəb olduğu bildirilir. Partlayış zamanı xəsarət alan biri uşaq olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Aparılmış yoxlamalar zamanı binanın bir hissəsinin yaşayış üçün yararsız olduğu müəyyənləşdirilib. Bu səbəbdən 28 ailə müxtəlif hotellərə yerləşdiriləcək.

***

14:16

Gürcüstanın paytaxtı Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında partlayış baş verib, nəticədə binanın bir hissəsi dağılıb.

Gürcüstanın Birinci Kanalının məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində beşmərtəbəli binada qeydə alınıb.

İlkin məlumatlara əsasən, partlayışa məişət qazı ilə işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir.

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin bildirdiyinə görə, dağıntılar altından dörd nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Onlardan biri uşaqdır. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Nazir bildirib ki, hadisə nəticəsində daha yeddi nəfər, o cümlədən üç azyaşlı uşaq itkin düşmüş hesab olunur.

Hazırda onların axtarışı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR