Generativ süni intellekt kibertəhlükəsizlik sahəsində hücumları üç istiqamətdə dəyişib. Hücumlar daha ucuz və sürətli olub, hədəf sistemlərdən insanlara yönəlib, dezinformasiya isə kütləvi və inandırıcı xarakter alıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Dövlət CERT-inin (Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi) rəhbəri Murad Balayev Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində keçirilən panel müzakirələrində deyib.
O qeyd edib ki, əvvəllər mürəkkəb kiberhücumlar böyük resurslar tələb edirdi və adətən onların arxasında dövlət dayanırdı: “Belə hücumları APT (qabaqcıl davamlı təhdid) adlandırırdıq. Lakin indi vəziyyət dəyişib. Bu ilin sentyabrında “Anthropic” şirkətinin dərc etdiyi təhdid hesabatında bir hadisə təsvir olunur: hücumçu cəmi 34 saat ərzində 40-dan çox təşkilatda 2 100-dən artıq giriş tokenini ələ keçirib. Əməliyyatın demək olar ki, bütün mərhələləri süni intellekt agentləri vasitəsilə həyata keçirilib.
Ötən ilin noyabrında isə süni intellekt tərəfindən idarə olunan ilk kibercasusluq kampaniyası qeydə alınıb. Təxminən 30 təşkilat hədəfə alınıb. Əməliyyatın 80-90 faizi insanlar tərəfindən deyil, süni intellekt modeli vasitəsilə həyata keçirilib.
“Microsoft”un oktyabr hesabatına əsasən, yeni aşkar edilmiş boşluq hücumlarda 24 saatdan da az müddət sonra istifadə olunur. Cəmi bir il ərzində fişinqin ilkin giriş üsulu kimi istifadə payı 7 faizdən 23 faizə yüksəlib”.
“Buradan çıxardığımız nəticə aydındır: boşluqların aradan qaldırılması üçün vaxt günlərdən saatlara qədər azalıb. Hücumun mürəkkəbliyi artıq onun arxasında kimin dayandığını göstərmir. Müdafiə sistemləri gücləndikcə hücumçular sistemi deyil, insanı aldatmağa çalışırlar. Qeyd etdiyim ikinci tendensiya da məhz budur. Süni intellekt hücumçulara tanış səs və tanış simadan istifadə etmək imkanı verib”, - deyə o qeyd edib.