Ukrayna Rusiyanın dəniz təlimləri ilə əlaqədar Qara dəniz, Azov dənizi və Kerç boğazının bəzi hissələrini bağlamaq qərarına etiraz edib.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Manevrlərin görünməmiş əhatə dairəsi hər iki dənizdə naviqasiyanı praktiki olaraq qeyri-mümkün edir. Əslində, bu, beynəlxalq gəmiçilik, ticarət üçün əhəmiyyətli dərəcədə böyük və əsassız fəsadlar yaradacaq, xüsusilə Ukrayna limanları üçün mürəkkəb iqtisadi və sosial nəticələrə səbəb ola bilər.
Rusiya Federasiyasının Ukraynaya qarşı hibrid müharibəsi konsepsiyasına uyğun gələn bu cür aqressiv hərəkətləri qəbuledilməzdir. Bu, Rusiyanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsinə, BMT Baş Assambleyasının qətnamələrinə və BMT-nin Dəniz Hüququ Konvensiyasına açıq şəkildə məhəl qoymamasının təzahürüdür", Ukrayna XİN-in bəyanatında bildirilib.
Ukrayna XİN qeyd edib ki, Rusiyanın bu cür hərəkətlərinə lazımi qiymət və reaksiya verilməsi üçün ölkə ilk növbədə Qara dəniz regionu tərəfdaşları ilə sıx işləyir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukrayna tərəfinin etirazlarını əsassız adlandırıb.
"Rusiya gəmilərinin Qara dənizdəki bütün hərbi manevrləri və hərəkətləri beynəlxalq qanunlara uyğundur və ticarət gəmilərini bloklamır”, - deyə Kremlin sözçüsü Rusiya gəmilərinin heç bir hərəkətə mane olmadığını qeyd edib.
Qeyd edək ki, KİV-də Rusiya hərbi gəmilərinin Qara və Azov dənizlərində ticarət gəmilərinin hərəkətini əngəllədiyinə dair xəbər yayılıb. Jurnalistlər Peskovdan bu məlumatı şərh etməyi xahiş edərək, bunun Ukrayna hakimiyyəti tərəfindən iddia edildiyini qeyd ediblər.