Bakı. Məlahət Nəcəfova - APA. Suriyadakı vətəndaş müharibəsini bitirmək üçün yanvarın 1-dən atəşkəs elan etmək barədə Vyana razılaşmasının icrasına az qalmış koalisiya və Suriya məsələsinə cəlb edilmiş ölkələrin döyüş gəmiləri Aralıq dənizində toplanır.
APA-nın məlumatına görə, dənizdə onlarla gəmi və yüzlərlə döyüş təyyarəsi hazır vəziyyətə gətirilib. Gəmilərin təxmini sayı barədə də məlumatlar artıq açıqlanıb. Aralıq dənizində 20-si döyüş, 14-ü köməkçi gəmi olmaqla 34 Türkiyə gəmisi var. Bundan başqa, Türkiyə Dəniz Qüvvələrinə aid digər gəmilər də beynəlxalq manevrlərdə iştirak üçün səfərbər olunub. Rusiyanın isə Aralıq dənizində 13 gəmisi var. Bu gəmilərdən 4-ü döyüş, 9-u köməkçi gəmidir. Bundan başqa, Fransanın 5 , İtaliyanın 2, İngiltərə, Belçika, İspaniya, Kanada, Portuqaliya, Yunanıstan və Hollandiyanın hərəsinin isə 1 gəmisi var.
Xatırladaq ki, bu il noyabrın ortalarında 17 ölkə Vyanada Suriya məsələsi ilə bağlı bir araya gələrək yekun qərar qəbul edib. Qərara əsasən, Suriyada 2016-cı il yanvarın 1-dən etibarən keçid hökuməti qurulacaq və bu hökumət 6 ay fəaliyyət göstərəcək. 18 ay ərzində isə ölkədə seçkilər keçirilməlidir.