Yunanıstan hakimiyyəti Pilos sahillərində 79 nəfərin ölümünə səbəb olan gəmi qəzası ilə bağlı 9 nəfəri həbs edib. Məlumata görə, onlar insan alverində, gəminin qəzaya uğramasına səbəb olmaqda və cinayətkar təşkilat yaratmaqda ittiham olunan misirlilərdir.
APA-nın məlumatına görə, bu barədə Yunanıstanın ERT1 telekanalı məlumat yayıb.
Bundan əvvəl Kalamata liman idarəsi Pilos sahillərində batan balıqçı gəmisində yüzlərlə miqrantın qaçaqmalçılığı ilə bağlı ilkin araşdırma aparmışdı. İnsan alverçilərinin internet səhifəsi olduğu və orada müştərilər tapdığı bildirilir. Daşımanın qiyməti adambaşına 4000-6500 dollar arasında dəyişirdi.