Gürcüstan Prezidenti Salome Zurabişvili Batumi limanında Rusiya kruiz gəmisinin gəlişinə görə keçirilmiş etiraz aksiyasını dəstəkləyib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, Salome Zurabişvili rusiyalı turistləri daşıyan kruiz gəmisinin Batumi limanına gəlməsini təxribat adlandırıb.
“Sonuncu rus təxribatına – Putinin taxıl daşınmasını blokladığı və Qara dənizdə azad dənizçiliyi ləngitdiyi bir vaxtda Rusiya kruiz laynerinin Gürcüstanın Batumi limanını ziyarət etməsinə vətəndaşların dinc şəkildə etiraz etməsinə görə qürur duyuram. Qara dəniz Gürcüstan, Ukrayna və Avropa İttifaqı üçün həyati əhəmiyyət daşıyır”, - Zurabişvili qeyd edib.
Qeyd edək ki, ötən gün Rusiyaya məxsus “Astoriya Grande” kruiz gəmisi göyərtəsindəki rusiyalı turistlərlə birlikdə Batumi limanına daxil olub. Gürcüstan vətəndaşları gəminin gəlişini etiraz aksiyası ilə qarşılayıblar. Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi kruiz gəmisinin sanksiyalardan kənar olduğunu, Batumi limanına Türkiyədən gəldiyini deyib.
Kruiz gəmisi ötən gün axşam saatlarına Batumi limanını tərk edib.