ABŞ 4 milyon doza "AstraZeneca" peyvəndini Meksika və Kanadaya borc verəcək

ABŞ 4 milyon doza "AstraZeneca" peyvəndini Meksika və Kanadaya borc verəcək
# 19 mart 2021 05:33 (UTC +04:00)

ABŞ hökuməti Britaniya-İsveç mənşəli “AstraZeneca” şirkəti tərəfindən hazırlanmış 4 milyon doza koronavirusa qarşı peyvəndi Meksika və Kanadaya göndərməyi planlaşdırır.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, Meksika ABŞ-dan 2,5 milyon, Kanada isə 1,5 milyon doza əldə edəcək. Bu, müvəqqəti bir borcdur, çünki “AstraZeneca” tərəfindən istehsal olunan peyvənd Meksika və Kanadadan fərqli olaraq ABŞ-da hələ sertifikatlaşdırılmayıb. Hər iki dövlət peyvəndi sonradan ABŞ-a qaytaracaq.

Meksikanın XİN rəhbəri Marselo Ebrard koronavirusa qarşı “AstraZeneca” peyvəndi əldə etməklə bağlı ölkəsinin ABŞ-la razılığa gəldiyini özünün “Twitter” səhifəsində də təsdiqləyib və bildirib ki, həmin peyvəndlər yuxarı yaşda olan insanlar üçün istifadə olunacaq. Nazirin sözlərinə görə, belə bir addım “vaksinlər üzrə geniş əməkdaşlığa ən yaxşı başlanğıc” ola bilər.

Qeyd edək ki, ABŞ rəsmiləri fövqəladə hallarda istifadə üçün “AstraZeneca” peyvəndini bir aydan sonra qeydiyyata ala bilər. Təbii ki, onun kliniki sınaqları müsbət nəticə verəcəyi halda. Hazırda Birləşmiş Ştatlarda “Johnson & Johnson”, “Moderna”, eləcə də “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi peyvəndlərin qəbuluna icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR