İraq XİN: General Qasim Süleymanini Bağdadda öldürməklə ABŞ ölkənin suverenliyini pozub

İraq XİN: General Qasim Süleymanini Bağdadda öldürməklə ABŞ ölkənin suverenliyini pozub
# 05 yanvar 2020 18:00 (UTC +04:00)

Bu gün ABŞ-ın Bağdaddakı səfiri İraq Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın “Əl-Ərəbiyə" telekanalına istinadən verdiyi məlumata görə, İraq XİN səfirə məktub təqdim edib.

Məktubda ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymanini Bağdadda öldürməsi İraqın suverenliyinin pozulması kimi qiymətləndirilib və Vaşinqtonun bu addımı pislənib. Rəsmi Bağdad İraq ərazisindən üçüncü ölkəyə hücum etməyi yolverilməz sayıb.

Qeyd edək ki, hazırda İraq parlamentində ABŞ qoşunlarının ölkə ərazisindən çıxarılması məsələsi müzakirə olunur.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR