İnam Kərimov: “Qarşımıza qoyduğumuz hədəfləri müəyyənləşdirməliyik”

İnam Kərimov: “Qarşımıza qoyduğumuz hədəfləri müəyyənləşdirməliyik”
# 19 fevral 2022 12:19 (UTC +04:00)

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransından sonra brifinq keçirilib.

Apasport.az saytının məlumatına görə, quruma yeni prezident seçilən kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərin suallarını cavablandırıb.

O, Gənclər və İdman Nazirliyində baş tutan tədbirdə fikirlərini bölüşüb: “Federasiyasının prezidenti seçildiyim üçün üzvlərə təşəkkür edirəm. Bu, böyük etimaddır. Bu sahə Prezident İlham Əliyevin diqqətində olan idman növüdür. Ölkəmiz bütün beynəlxalq yarışlarda layiqli təmsil edilib. SSRİ dövründə və müstəqillik vaxtı böyük ənənələrimiz olub. Dövlətimiz ağırlıqqaldırmaya böyük dəstək verir. Xalqımız da bu idman növünə böyük rəğbət bəsləyir. Bu sahədə çempionlarımızın olmasını gözləyirik. Bugünkü iclasda əldə edilmiş uğurlar dinlənildi və çətinliklərdən bəhs edildi. Razılığımız ondan ibarət oldu ki, bu məsələləri daha yaxından təhlil etməli və qarşımıza qoyduğumuz hədəfləri müəyyənləşdirməliyik”.

O əlavə edib ki, bəzi məsələlərin həlli üçün tədbirlər görülməlidir: “Azərbaycan yığmasının qarşıdakı beynəlxalq yarışlarda və Yay Olimpiya Oyunlarında uğurlu çıxış etməsini istəyirik. Bu sahənin üzləşdiyi əsas məsələ dopinqlə mübarizədir. Belə halların üzə çıxmasına görə beynəlxalq yarışların bəzilərindən kənarda qalmışıq. Bütün dünya buna qarşı mübarizə aparmalıdır. İdmançılarla birlikdə iş aparmalı və onları maarifləndirməliyik. Birinci məqsədimiz bu problemləri, çətinlikləri dinləmək, ondan sonra qısa, orta və uzunmüddətli hədəflər müəyyən etməkdir”.

İnam Kərimov bu idman növünə rəğbəti artırmağın vacibliyini vurğulayıb: “Ən böyük prioritetlərdən biri yeni nəsil idmançıların yetişməsidir. Üzərimizə düşən əsas vəzifə bölgələrdə gələcək potensialları müəyyənləşdirməkdir. Bunun üçün bütün şərait yaradılıb”.

Qeyd edək ki, buna qədər AAAF-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR