Avropa Parlamentinin deputatları Macarıstan və Rumıniyadan olan namizədləri rədd ediblər

Avropa Parlamentinin deputatları Macarıstan və Rumıniyadan olan namizədləri rədd ediblər
# 30 sentyabr 2019 16:02 (UTC +04:00)

Avropa Parlamentinin deputatları Avropa Komissiyasının yeni tərkibinə daxil olacaq iki namizədi - rumıniyalı Rovane Plumb və Macarıstanın sabiq Ədliyyə naziri Laslo Troçaninin namizədliyini “maraqların konflikti” səbəbilə rədd ediblər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, səsvermə bu gün Brüsseldə Avropa Parlamentinin iclasında namizədlərin dinləmələrindən sonra baş tutub.

“Avroparlamentin üzvləri öz səsləri ilə təsdiq etdilər ki, hər iki namizəd maraqlar konflikti səbəbilə Avropa Komissarı funksiyalarını yerinə yetirə bilməyəcəklər”, - deputat Manon Obri bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının yeni təyin olunmuş sədri Ursula fon der Leyen sentyabrın 10-da bu orqanın yeni tərkibini açıqlamışdı. Komissiya noyabrın 1-dən etibarən artıq öz fəaliyyətinə başlamalı idi. Rovane Plumb nəqliyyat üzrə Komissar, Laslo Troçani isə genişlənmə və qonşuluq siyasəti üzrə Komissar vəzifəsinə namizədliyini irəli sürmüşdü. Avroparlamentin deputatları onların namizədliyini rədd etdikdən sonra artıq Ursula fon der Leyen vəziyyətdən “yeni çıxış yolları” tapmalıdır.

Qeyd edək ki, deputatların bu səsverməsi hələ yeni namizədlərin dərhal siyahıdan silinməsi demək deyil. Ola bilər ki, tərəflər “maraqların konflikti"ni öz aralarında həll edə bilsinlər, o zaman hər ikisinin namizədliyi təsdiqlənı bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR