Suriyaya uçan İran təyyarəsi İraqın xəbərdarlığı əsasında Bağdad aeroportuna məcburi eniş edib

Suriyaya uçan İran təyyarəsi İraqın xəbərdarlığı əsasında Bağdad aeroportuna məcburi eniş edib
# 04 oktyabr 2012 02:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İrandan Suriyaya uçan sərnişin təyyarəsi İraq hava məkanına daxil olan zaman Bağdad aeroportuna məcburi eniş edib. APA-nın məlumatına görə, buna səbəb İraq rəhbərliyinin xəbərdarlığı olub. Yerə endikdən sonra Tehran-Dəməşq reysi ilə hərəkət edən sərnişin təyyarəsində silah-sursatın olub-olmamasını yoxlamaq üçün axtarış aparılıb. Axtarış zamanı təyyarədən heç bir silah tapılmayıb. Bundan sonra İran təyyarəsinə Suriyaya uçmağa icazə verilib.
Qeyd edək ki, İraqın xarici işlər naziri Hoşyar Zəbari sentyabrın 30-da jurnalistlərə açıqlamasında ölkə üzərindən Suriyaya uçan İran təyyarələrini endirərək yoxlayacaqlarını bildirib. O deyib ki, İraq hökuməti Suriyaya silah daşıyan İran təyyarələrinin ölkə səmasından uçmasına imkan verməyəcək: “İraq hökuməti ABŞ rəsmilərinə İran təyyarələrini endirəcəyi, onları yoxlayacağı haqda zəmanət verib. Hökumət bu barədə qəti qərar qəbul edib. Biz Suriyaya silah və pul daşınması üçün İraqdan tranzit yolu kimi istifadə olunmasına qarşıyıq. Biz həmçinin İran hökumətinə müraciət edərək, Suriya hökumətini silahlandırmaq məqsədilə uçuşlar həyata keçirməsinin dayandırılmasını istəmişik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR