27 ildən sonra evimizlə görüş, quruyan çeşmə, yadigar lampa - REPORTAJ - FOTOLAR

27 ildən sonra evimizlə görüş, quruyan çeşmə, yadigar lampa - REPORTAJ - FOTOLAR
# 23 fevral 2021 15:41 (UTC +04:00)

2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyev Zəngilanın düşmən əsarətindən xilas olunduğunu elan edən gündən doğma yurduma getməyin xəyallarını qururdum. Təbii ki, orada nə ilə qarşılaşacağımı bilmirdim. İllərdi, bu anı gözləsəm də, necə reaksiya verəcəyimi təxmin etməkdə də çətinlik çəkirdim. Ağlayacam, əyilib torpağımı öpəcəm, dizin-dizin sürünəcəm, yoxsa, eləcə seyr edəcəm? Heç bir fikrim yox idi.

Rayonumuz...

Zəngilana gedəcəyimi eşidəndə qulaqlarıma inanmadım. Ertəsi gün gecə saat 03.00-da yola düşdük.

Həyəcandan nə edəcəyimi bilmirəm, hələ də evimizi görəcəyimə inanmıram. Beynimdə o qədər qarışıq fikirlər var ki...

Horadiz postuna çatırıq. Burdan o tərəfə ilk addımımızda artıq işğalın izləri ilə qarşılaşırıq. Yol boyu sağımız-solumuz dağılmış evlər, viran qalmış el-obalardı. Bu gözəllikdə təbiətə sahib bir bölgəni xarabalığa çevirmək necə mümkün olub? Bu insanlar bu dağıntıların arasında necə yaşayıblar? Bu cənnəti cəhənnəmə çevirmək üçün işğal etmişdiniz? Yol boyu beynimdə ancaq bu suallar dolanır. Təbii ki, suallarıma cavab tapa bilmirəm.

Zəngilana çatırıq, həyəcanım on qat artır. “Ağıllı kənd” layihəsinin başlanacağı Üçüncü Ağalı kəndindən keçirik, rayon mərkəzinə yaxınlaşırıq. Kəndimizə lap az qalır. Və bir neçə dəqiqə sonra yol kənarında “Qıraq Müşlan” lövhəsini görürük...

Kəndimiz...

Elə bilirəm yuxudayam, bu, gerçək ola bilməz. Avtomobildə qışqırmaq istəyirəm, amma özümü ələ alıb, eləcə “kəndimiz, bizim kəndimiz” deyə bilirəm.

Kəndin girişində gözüm il olaraq yaşını heç kimin bilmədiyi çeşməni axtarır, boylanıram, nə çeşməni görə bilirəm, nə də yerini. O çeşmə bizim kəndimizin təməli qoyulmazdan əvvəl olub. Yəni kəndi elə çeşmənin yaxınlığında salıblar əcdadlarımız. Min illər yaşı olan çeşmə 27 ildəmi quruyub? Bu düşüncə ilə evimizə doğru gedirik. İşğaldan azad edilmiş hər yerdə olduğu kimi, bizim kənddə də hər yeri - yolları, bağları, həyətləri qamış, alaq otları basıb, hər şey vəhşiləşib sanki...

Əvvəlcədən hər nə qədər “evimizi gözü bağlı taparam”, desəm də, içimdə həyəcan qarışıq şübhə yaranır: “Birdən evimizi tanımaram, tapa bilmərəm”.

Amma evimizi tapmaq elə də çətin olmur. Budur, tam 27 il 6 aylıq ayrılıqdan sonra evimizdəyəm…

Evimiz...

Təəccüb, həyəcan, sevinc, məyusluq hissləri bir-birinə qarışıb. Avtomobildən enib, həyətə daxil oldum. Darvazamız çıxarılıb, tövləmizin damı sökülüb. Evimizin də damı sökülsə də, sonradan yarısına yenidən şifer vurulub. O gözəllikdə evimiz daxmaya dönüb.

Birinci haraya baxım, nə axtarım, bilmirəm. Donub qalmışam. Nəhayət, toparlanıb, evimizi, bağımızı gəzirəm. Həyətimizdə iki nəhəng qoz ağacı vardı, heç biri yoxdur. Kəsilib yəqin ki, amma kötüklərini belə tapa bilmirəm.

Bu vaxt qonşuların evləri diqqətimiz çəkir, uçuq-sökük divardan başqa, heç nə qalmayıb. Solumda Həmzə dayıgilin, sağımda Bəhlul dayıgilin, ondan bir az aralıda Mustafa dayıgilin evi…

Sonra həyətimizdə bizdən qalan əşya tapmaq ümidilə axtarışa başlayıram, heç nə tapmıram. Bu zaman bələdçimiz dirəyin başındakı lampanı göstərir. Xatırlayıram, bizdən qalıb...

Evimizin içi darmadağındı, paltarlar, uşaq oyuncaqları, ermənicə yazılmış vərəqlər yerə səpələnib. Görünür, 27 il burada yaşamış ermənilər də bu evin həqiqi sahibləri kimi qaçmaq məcburiyyətində qalıblar, çox şeylərini apara bilməyiblər.

Belə başa düşürəm ki, isitməkdə çətinlik çəkdikləri üçün iri otaqlarımızı bir neçə hissəyə bölüb, kiçik otaqlara çeviriblər. İçəridə ürəyim sıxılır, əşyalar ortalığa səpələnib - köhnə dəmir çarpayı, paltarlar, uşaq oyuncaqları. Özümü həyətimizə atıram. Ağaclarımızın çoxu yerindədi, sadəcə iki nəhəng qoz ağacından başqa. Ağaclarımızdan bəziləri tumurcuqlayıb, bəziləri hətta çiçəkləyib. Həyətimizdəki daşların arasında çıxmağı bacaran çiçək belə gül açıb.

Həyətin girişindəki hovuzumuz, novdanımız olduğu kimi qalır. Həyətdəki mətbəximizi anbara çeviriblər. Əllərinə keçəni oraya atıblar.

Gördüyüm, müşahidə elədiyim hər şeyi beynimə həkk eləmək istəyirəm, çalışıram ki, ən xırda detalı belə gözdən qaçırmayım.

Ölən ümidin cücərməsi...

Orada saatlarla qala bilərəm, amma bələdçimiz vaxtımızın az olduğunu xatırladır. Artıq evimizi tərk etmək vaxtıdır.

Son dəfə Zəngilandan 1993-cü il avqustun 20-də çıxmışdım. Ondan bir il əvvəl Türkiyə ali məktəblərinə keçirilən imtahanlarda Ankaradakı Qazi Universitetinə qəbul olmuşdum. Ankarada 1 illik hazırlıq kursu keçdikdən sonra yay tətili üçün Azərbaycana qayıtmışdım. Tətilimi başa vurub Ankaraya yollandım. Onda heç ağlımın ucundan da keçirmirdim ki, Zəngilanı, doğma ata ocağını son dəfə görürəm.

Zəngilanın işğal xəbərini Ankarada aldım. Türkiyə televiziyaları rayonumuzun ermənilər tərəfindən zəbt edildiyi barədə xəbərlər yayırdı. O gün nələr yaşadığımı Sabancı yataqxanasındakı otaq yoldaşlarım bilir. Şokdaydım, evimizdən, ailəmdən xəbər ala bilmirdim. Kim sağdı, kimi itirmişəm, heç nə bilmirdim. Bir neçə gün sonra Bakıdan xəbər ala bildim, ailəmizdə hamı sağ idi. Bu xəbərə əlbəttə ki, çox sevindim, telefonun o biri ucunda ağlamaqdan dilim söz tutmurdu. Amma bir daha evimizə qayıda bilməyəcəyim gerçəkliyini qəbul edə bilmirdim.

İllər ötdükcə bir daha o yerlərə qayıdacağım ümidi də azalırdı. Amma 27 il sonra bu yuxumuz çin oldu, biz o torpaqlarımıza döndük.

Şəhidlərimizin, Ali Baş Komandanın, Ordumuzun, qazilərimizin sayəsində...

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR