Prezidentin köməkçisi: “Münaqişənin həllində irəliləyiş əldə etmək üçün işğal amili aradan qaldırılmalıdır”

Prezidentin köməkçisi: “Münaqişənin həllində irəliləyiş əldə etmək üçün işğal amili aradan qaldırılmalıdır”
# 17 yanvar 2020 12:25 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Ermənistanın birinci xanımlarının görüşü barədə təklifin rəsmi Bakı tərəfindən qəbul edilməməsi barədə Ermənistan tərəfinin iddiasına münasibət bildirib.

APA-nın məlumatına görə, Prezidentin köməkçisi jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif cəfəng fikirlər söyləmək əvəzinə ən lazımi və labüd addımları atmalıdır.

H. Hacıyev deyib ki, bu addım Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır: “Münaqişənin həlli populizm obyekti olmamalıdır. Ermənistan işğalçı dövlətdir, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək istəyiriksə, münaqişənin fundamental əsasını təşkil edən amil, yəni işğal amili aradan qaldırılmalıdır. Sonra münaqişənin həllində müxtəlif tədbirlər, o cümlədən müxtəlif etimad quruculuğu xarakteri daşıyan tədbirlərin həyata keçirilməsi kimi məsələlər ola bilər. Amma bir daha qeyd edim, Ermənistanın üzərinə düşən beynəlxalq, hüquqi və siyasi məsuliyyət ondan ibarətdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan müxtəlif fəaliyyətlər həyata keçirir. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətləri dayandırmalıdır. Məhz bundan sonra Ermənistan iddia edə bilər ki, danışıqlar prosesində konstruktiv və səmimi şəkildə iştirak edir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR