Xocalı soyqırımının şahidləri danışır: Şəhid atasının yuxusu, bizimkilərlə dəyişdirilən rus zabitlər, anasına qısılıb qarda yatan körpə - REPORTAJ - FOTOLAR - VİDEO

Xocalı soyqırımının şahidləri danışır: Şəhid atasının yuxusu, bizimkilərlə dəyişdirilən rus zabitlər, anasına qısılıb qarda yatan körpə - REPORTAJ - FOTOLAR - VİDEO
  • Clock-gray 08:51
  • calendar-gray 26 Fevral 2021

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edir, həmin ərazilərdən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Əvvəlki yazıları buradan oxuya bilərsiniz: 

Azərbaycan Ordusunun erməni vəhşiliyinə son qoyan zəfəri: Ağdamda nə gördüm? - REPORTAJ

Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası - REPORTAJ

Abdal-Gülablının dağıdılmış qəbiristanlığı: 9 yaşlı qızcığazın güllələnmiş başdaşı - REPORTAJ 

Füzulidəki erməni komanda mərkəzi, 2 km uzunluğunda minalı ərazi, Füzulinin heykəlinin tapılmağı - REPORTAJ 

Ermənilərin anbara çevirdiyi məscid, tövlə kimi işlədilən karvansara, düşmən əsgərinin dəbilqəsi, naməlum abidə - REPORTAJ 

Erməni vandallığının Cəbrayıldakı izləri, ordumuzun darmadağın etdiyi “Ohanyan səddi” mifi - REPORTAJ

Qarabağ yükünü çiynindən atan Xudafərin: O tayın, bu tayın həsrət körpüsü

Bir həsrətin sonu: 28 il sonra eyni yolla Laçına dönüş - REPORTAJ

Hər qarışı cənnət Laçın - REPORTAJ

Bəşəriyyətin beşiyi, 135 yaşlı məktəb, Kremlə göndərilən şərablar - REPORTAJ

Oğurlanan sümüklər, bir gecədə 200 məktub, torpağına sahib çıxan əsgər - TUĞDAN REPORTAJ

Kəlbəcər yollarında: 3395 metr yüksəklikdən Xudavəng monastırına doğru - REPORTAJ – FOTOLAR

Sehrli aləmdə: Ermənilərin özününküləşdirmək istədiyi ecazkar Xudavəng monastırı - REPORTAJ - FOTOLAR – VİDEO

Qafan aeroportu ilə üzbəüz, Qafan-Gorus magistral yolunun 100 metrliyində: Xudayarla birlikdə yazılan dastan - REPORTAJ - FOTOLAR

Laçın dəhlizi, mülki ermənilər, 185 illik həsrətin sonu - REPORTAJ - FOTOLAR

Ermənilərin yandırdığı polis, 29 ildən sonra evini tapan Salakətin sakini, dərəyə aşırılan erməni avtobusu - REPORTAJ – FOTOLAR

Məlik-Aslanovların kolxoza verilmiş mülkü, Dizaq məliklərinin sarayı, XII əsrə aid alban məbədi - TUĞDAN REPORTAJ - FOTOLAR

Zəngilan: Erməni işğalından azad edilmiş torpaqlara həyat qayıdır - REPORTAJ - FOTOLAR

27 ildən sonra evimizlə görüş, quruyan çeşmə, yadigar lampa - REPORTAJ - FOTOLAR

“Yuxuda gördüm ki, Ağdamdayam. Bizim evdən dayımgilə gedirəm. Orda bir aralıq vardı. Aralıqdan keçəndə gördüm ki, taxıl əkilib, üstündən də sulanıb. Dedim burdan keçsəm, taxılı əzərəm, bərəkətdi, qoy başqa yolla hərlənim. Onu deyəndə azan verildi, qalxdım ayağa”.

2021-ci il, Ağdam. Soyuq, çiskinli, dumanlı fevral günü. Cümə məscidinin qarşısı. Birinci Qarabağ müharibəsi zamanı Milli Qəhrəman, şəhid Allahverdi Bağırovun batalyonunda vuruşmuş döyüşçülər: batalyon komandirinin müavini Əkbər Rüstəmov, Zahid Qarayev, Şahbaz İbrahimov, Mübariz İbrahimov və digərləri.

28 illik ayrılıqdan sonra doğulub boya-başa çatdığı torpaqlara yenidən qovuşan Əkbər Rüstəmov ehtişamlı görüntüsündən əsər-əlamət qalmayan, sökülmüş divarlarından, rəngi soluxmuş fasadından həya edirmişcəsinə dumanla yaşmanan Ağdam Cümə məscidinə baxa-baxa 1999-cu ildə, Həcc ziyarəti zamanı Məkkədə gördüyü yuxunu danışır: “O yuxu bu günün yuxusu imiş. Sünbül də bərəkət rəmzidir, onu əzmək olmaz. O dolayı hərlənmək də bu uzun ayrılıq illərinə işarə idi. Düzdür, gec oldu, amma biz öz torpaqlarımıza qayıtdıq”.

 

Evləri məsciddən bir neçə küçə aralıda yerləşirdi Hacı Əkbər Rüstəmovun. İndi bu yerlərdə dayanıb keçmişi anır. Amma onu Ağdama, Cümə məscidinə, viranə qalmış bu yerlərə təkcə uşaqlığı, gəncliyi, xoş xatirələri bağlamır. Ağdam Cümə məscidi onun, eləcə də silahdaşlarının yaddaşında həm də dünyada misli-bərabəri görünməmiş bir faciə  - Xocalı soyqırımı ilə də assosiasiya olunur.

Haşiyə: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Üstündən 29 il keçəndən sonra Xocalı faciəsinin ildönümü ərəfəsində Ağdama gəlişimizin məqsədi də məhz həmin dəhşətli günləri bir daha xatırlamaq və faciənin yaşandığı o yerləri əyani görməkdir.

 

1992-ci il fevralın 26-dan başlayaraq qətliamın qurbanları Ağdam Cümə məscidinə gətirilir, burada dini qaydalarla yuyulub kəfənləndikdən sonra dəfn edilirdi.

 

İlk həmsöhbətimiz də Allahverdi Bağırovun yaratdığı Ağdamın özünümüdafiə batalyonunda komandir müavini olmuş Hacı Əkbər Rüstəmovdur. O, birinci Qarabağ müharibəsində 3 övladı ilə birlikdə döyüşüb, oğlu Sənan Rüstəmov isə şəhid olub: “1992-ci il fevralın 25-ə qədər Qarabağın çox hissəsini ermənilər rus ordusu ilə birlikdə almışdılar. 25-i gecəsi saat 11-də artıq məlumatımız vardı ki, Xocalı sakinləri çıxılmaz vəziyyətdədir. Rabitə vasitəsilə bizə xəbər eləmişdilər. Şelli dağına getdik. Ordan baxanda Xocalı görünür. Hər tərəfdən insanları topla, “Grad”la, tankla atəşə tuturdular. Bizim gücümüz çatmazdı ki, Xocalının içinə girək. Ona görə də Xocalıdan sağ çıxan sakinləri Qaraqaya, Şelli ətrafında gözləməyə məcbur idik. Həmin insanları ordan götürüb xəstəxanaya, Ağdama çatdırırdıq. Həlak olanlar isə bura, məscidə gətirilirdi”.

 

Cümə məscidinə gətirilən meyitlər məsciddə yuyulur, kəfənlənir və dəfn üçün hazırlanırdı. Keçmiş polis polkovniki Zahid Qarayevlə məscidin ətrafında dolaşırıq. İşğaldan qabaq məscidin həyətində, yaxınlığında olan tikililərdən, evlərdən iz-soraq qalmayıb. Həmsöhbətimizin bir neçə yüz metr aralıdakı mülkü də yerlə bir edilib: “Ermənilər hamısını dağıdıblar, hamısını. Yuyat yerinin bircə pilləkəni qalıb. Maşın gəlirdi yuyat yerinin qabağına, meyitləri boşaldırdıq. O meyitlər gələndə Ağdam camaatı hamısı burda olurdu. Ağdamda o adam yox idi ki, meyitlərin yuyulmasında iştirak eləməsin. Fevralın 28-dən Xocalı qurbanlarının meyitlərini çıxarmağa başladıq, mart ayının 3-ə kimi hardasa 600-700 meyit gətirdik bura. Hamısı burada yuyuldu, kəfənləndi aparılıb dəfn edildi”.

 

Həmin gecə ermənilər Xocalıdan çıxan dinc sakinləri güllələyir, yolda pusqu qurur, yaxalayıb insanlığa sığmayan işgəncələr verirdilər. Bu işgəncə izlərini sonradan ermənilərdən alınan meyitlərin üzərində açıq-aşkar görmək olardı.

 

“Meyitlərin vəziyyəti acınacaqlı idi. Əvvəlcədən gələn meyitlərin  üstündə çoxlu güllə yarası var idi. Sonradan gələn meyitlərin çoxunun  isə başının dərisini də soymuşdular. Axır-axırda gətirilən meyitlərin bir hissəsini isə vəhşi heyvanlar parçalamışdı. Bəzi meyitlərin başı, qolu, bədəninin müəyyən hissələri yoxuydu, qadınların qarnını yarmışdılar, tros bağlayıb sürümüşdülər. Belə insanlıq olar? Bunlar insan deyil. Hansı mənsəbə qulluq edirlər bilmirəm, halbuki hamımızın Allahı birdir”, - Zahid Qarayev həmin günlərdə gördüyü insanlığa sığmaz əməllər barədə həyəcansız danışa bilmir.

 

Fevralın 25-dən 26-na keçən gecə Xocalıdakı qırğından canını qurtarıb Ağdam istiqamətinə pənah aparan dinc sakinləri ağdamlılar Şelli kəndinin yaxınlığındakı dağın ətəyində qarşılayırdılar. Döyüşçülər isə bacardıqca daha irəli getməyə can atır, daha çox Xocalı qurbanını xilas etməyə çalışırdılar.

 

Şelli kəndinə hələ bir az var. Maşınımız Qarqar çayının yanı ilə irəliləyir. Döyüşçülər ötən günləri xatırlayırlar:

““Qarqar” pavilyonu burdaydı da?” - Kimsə soruşur.

Şahbaz İbrahimov: Üç rus “ofseri”ni burda dəyişmişdik də, iki polkovnik, bir mayor.

Zahid Qarayev: Malik doxtur, Rəşid əmini burda dəyişdik.

Şahbaz İbrahimov (aydınlıq gətirir): Ermənilər bizimkiləri tutmuşdular, biz də getdik bazardan üç zabitlərini girov götürüb gətirdik, dedik  bizimkiləri verirsiz, verin, yoxsa biz də bunları öldürürük. Danışdıq, gətirdilər, burda dəyişdik, “Qarqar” pavilyonunun yanında.

Əkbər Rüstəmov: Onlar da bizim uşaqları götürmüşdülər də.

Şahbaz İbrahimov: Ruslar götürmüşdülər də, ruslar götürüb ermənilərə  vermişdilər.

Şelli kəndinin içindən keçib gedirik. Kənddə evlərin çoxu salamatdır. Həyətlər nar ağacları ilə doludur. Don vursa da, çoxunun üstündə barı hələ qalır.

Bu da Şelli dağı. Kəndin qurtaracağında böyük bir təpə.

Fevralın 26-ı gecə canlarını qurtara bilən Xocalı sakinlərinin bir hissəsi Qaraqaya deyilən yerdən piyada Qarqarçayın içi ilə, digərləri isə Naxçıvanlı kəndi tərəfdən, əkin sahəsinin içi ilə gəlib Şelli dağının ətəyindən Ağdama sarı keçiblər. Burada onları Ağdam camaatı, Şelli kəndliləri, hərbçilər qarşılayıb köməklik göstəriblər.

Şahbaz İbrahimov arabir dumanın içindən görünüb yox olan Şelli dağını göstərir: “Biz gördüyünüz bu dağlarda ən ağır döyüşlərdən keçmişik. Bu dağlar Xocalı faciəsinin şahididir. Dayandığımız bu yerdən Xocavəndə qədər olan ərazilərdəki postların qurulmasını, onların təminatını mən təşkil edirdim. Fevralın 25-i axşamı postlara dəyib “UAZ”la qayıdanda qəflətən ratsiyada səs eşitdim ki, Xocalını qırdılar. Tez Ağdama, qərargahımıza gəldim, gördüm hamının məlumatı var. Hardasa 300 nəfərdən ibarət könüllü dəstəmiz vardı. Qərargahda bölünmə başladı, kimlər hara gedəcək, müəyyənləşdi. Biz də 9 nəfərlə həmin bu dağın o üzünə keçdik, dağın qurtaracağına qədər getdik”.

 

“O gecə Allahverdi bizə əmr verdi. Üç tərəfdən hücuma keçdik” – Zahid Qarayev əlavə edir, - “Biz Şellinin üst tərəfindən keçdik, - əlilə dağın kəlləsini göstərir, - orda elə bir döyüş başladı ki... İkinci Qarabağ müharibəsində əvvəl dronlar vururdu, sonra əsgər girirdi. Amma onda bizim əlimizdə avtomat və pulemyot idi. Ayrı texnika yox idi. Amma erməninin güclü texnikası vardı. Girdik, həmən vaxtı komandir Şahbaz (Şahbaz İbrahimov – M.A.) yanımda idi. Orda bilirsiz nə gördük? Qadın yıxılıb ölmüşdü. Hardasa yaş yarım, iki yaşında qız uşağı yerdən şalı götürüb, anasının üstünə salıb, böyrünə uzanıb, qarın içində. Mən o əlli metri girə bilmirdim. Erməni imkan vermirdi. Axırda Şahbaza əmr verdim ki, tez pulemyot rotasının komandiri Elmanı çağır. Çağırdı. Doqquz nəfər idik. O, pulemyotla işləyəndən sonra biz girdik. Nə görsək, yaxşıdır! Gördüm ayağımın altında altı aylıq bir oğlan uşağı. Ana ölüb. Tez qaldırdıq ananı aldıq belimizə. Şahbaz sağ olsun, iki uşağı da götürdük. Gətirib təhvil verdik, qayıtdıq. Həmin gün 30 meyit, 15 yaralı çıxardıq”.

 

Səhər açılana yaxın təpənin üstünə qalxanda hava dumanlı olsa da, gördüklərinə inana bilməyiblər: “Yüzlərlə qadın, uşaq meyiti yerlə dolu idi, qarın içindəydi. İnanmadım ki, bunlar insan meyitidir. Bir insana bir güllə vurarlar. Veriblər pulemyotun qabağına, qırıblar” və təəssüflə əlavə edir: “Həmin gün biz ora keçə bilmədik. Çünki ərazi ermənilərin nəzarətində idi”.

 

Şahbaz İbrahimov gördüyü vəhşəti hələ də unuda bilmir: “Dağın qurtaracağı əkin sahəsidir. Orda maşından düşdük. O ərazi şumluq idi. Həmən günü də sulu qar yağırdı. Hava dəhşət soyuq idi. Gördük camaat ordan palçığın içində, pis vəziyyətdə gəlirlər. Biz doqquz nəfər həmin şumluq olan yerə girdik. Hər tərəf meyitlə dolu idi. Yaralıları köməkləşib həmin yerdən çıxarırdıq. Naxçıvanikdə (Naxçıvanlı – M.A.) donuzluq deyilən bir yer vardı. Zahidlə mən ora çatanda bir dəhşət gördük ki... İnsanın başının parası yox, qarın cırılıb, bağırsaqlar yerdə. Körpə uşağın gözünə nə isə taxıblar”.

 

Fevralın 27-sə Allahverdi Bağırov ermənilərlə danışıq aparır. Fevralın 28-də isə Zahid Qarayev, Şahbaz İbrahimov və digərləri meyitləri yığmağa gedirlər. İlk dəfə 58 qadın meyitini, bir də Milli Qəhrəman Əlif Hacıyevlə Arif Əliyevin meyitini götürürlər.

 

“Ermənilərin bir xüsusiyyəti vardı, meyitləri üst-üstə yığıb altına qranat qoyurdular ki, götürəndə partlasın, - Şahbaz İbrahimov deyir, - elə hallar çox olmuşdu. Biz meyitləri aralayanda baxdıq ki, rəhmətlik Əlifin meyiti də ordadır. Zahidlə onu da çıxarıb uşaqlara verdik. Orda bizə bir güllə atdılar. Güllə Zahidin bronjiletini sivirib keçdi”.

 

Zahid Qarayev və döyüşçü yoldaşları meyitləri maşına yığsalar da bu vaxt başlarının üstündə rusların vertolyotu fırlanmağa başlayır, meyitləri çıxarmaqlarına imkan vermir: “Erməni də bizi Kətiyin alt tərəfində tərəf apardı, bunkerə saldı. Meyitlərlə dolu maşın da qaldı ortada. Mən də onun dərdini çəkirdim ki, qadınların meyitini ərazidən çıxarım. Amma necə götürüm? Bəlkə də “Krokodil” (“Mi-24” helikopteri –M.A.) bizi vurardı. Bir də gördüm mülki vertolyot endi. İçindən rəhmətlik Çingiz Mustafayev və bir neçə xarici jurnalist düşdü. Başladılar çəkməyə. Mən onlara dedim ki, çox da irəli gəlməyin, buralar minalıdır. Amma mənim sözümə baxan olmadı. Onlar çəkiliş edib qalxandan sonra meyitləri gətirdik”. 

 

O dəhşətli günləri Azərbaycan xalqına, eləcə də dünyaya çatdıranların arasında Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, jurnalist Şamil Sabiroğlu da vardı. 1991-ci ilin sonlarında Xocalının Cəmilli kəndində müəllim işləyən Şamil Sabiroğlu həm də “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri kimi fəaliyyət göstərirdi. Xocalı soyqırımı haqqında ilk məlumat da ictimaiyyətə məhz onun sayəsində çatdırılmışdı: “Biz bu ərazidə (Şellidə - M.A.) dayanıb ilk gələn insanları qarşılayırdıq. 26-ı günorta üçə, dördə qədər mən də kömək edirdim. Qaraqaya tərəfdən gələn adamları qarşılayırdıq. Hətta “Neftbaza” deyilən yer var, ora qədər gedib çıxmışdıq. Heç baxmırdıq ki, minalanmış sahə var və ya ermənilər bizi vurub öldürəcək. Gördüyümüz vəhşiliklərdən o qədər sarsılmışdıq ki, artıq yaşamaq haqqında belə düşünmürdük. Orada mərhum operator Seyidağa Mövsümlü, kinorejissor Nizami Abbas, mərhum Çingiz Mustafayev də vardı, hamı kömək edirdi. Fevralın 26-ı axşam beşdə yadıma düşdü ki, Bakıya məlumat verməmişəm. Təzədən burdan Ağdama qayıtdım. Məsciddə də bəzi çəkilişlər elədim. Burdan aparılanda görmədiyim meyitlər var idi. Allahım! Nə gündəydilər! Ermənilər onların başına nə oyunlar açmışdı! Körpə qız uşağını zorlamışdılar. O foto-kadr məndə var. Onu heç yerə çıxarmamışam. İyirmi altısı axşam telefonla Bakıya məlumat verdim. Mənə dedilər ki, bizdə belə bir məlumat var ki, Xocalı bizdədir, cəmi iki nəfər ölüb. Telefonda ağladım. Dedim mənə inanmırsız?! Məndən şəkilləri istədilər. Səhər qəzetdə məlumat getdi ki, Xocalı işğal edilib, ölənlərin sayı yüzə qədərdir. Hətta bizi təhdid edənlər də oldu ki, siz bu məlumatı hardan almısınız, elə şey olmayıb. Mən daha sonra şəkilləri göndərdim, çap olundu”.

 

Ermənilər guya Xocalı sakinlərinə azad dəhliz versələr də, həmin dəhlizdə pusqu qurub ordan keçənləri qətlə yetirirdilər. O gecə Xocalıdakı qətliamdan xilas olub canını qurtarmaq istəyənlərin içində mesheti türkləri də var idi. O mesheti türkləri ki, 1986-cı Fərqanədən didərgin düşmüş və Xocalıya yerləşdirilmişdilər. Allah bilir, bu onların neçənci didərgin düşməyi, talelərinə yazılmış neçənci qaçqınlıqları idi. Həmin məşum gecədə mesheti türklərinə yardım edənlər sırasında döyüşçü Mübariz İbrahimov da vardı: “Onlar da həmən istiqamətdə (Qaraqaya istiqamətindən gələn asfalt yolu göstərir – M.A.) gəlirdilər. Mesheti türklərini də yük maşınlarına yığıb Ağdam istiqamətinə aparır, orda yerləşdirirdik. Xocalıdan didərgin düşənlərin hamısı bu dağlara səpələnmişdilər. Qadınlar, uşaqlar, qocalar ayaqyalın, başıaçıq dağı keçib bu yana gəlirdilər. Ermənilər də arxalarınca qovur, bu dağın o üzündə haqlayıb qırırdılar. Şelli dağının arxası Aranzəmin, Naxçıvanik (Naxçıvanlı – M.A.) kəndləridir, Biz Xocalı faciəsindən sonra o kəndləri ermənilərdən aldıq. O döyüşlərdə də rusların 366-cı motoatıcı alayının əsgərləri ilə qarşılaşdıq və məcburiyyət qarşısında geri çəkildik”.

O vaxt Xocalı sakinlərinin xilas edilməsində yaxından iştirak edənlərdən biri də şəhid Xosrov Məmmədov olmuşdu. Şahbaz İbrahimov onu ehtiramla xatırlayır və silinib getmiş qəbir yerinin elə bu yaxınlıqda, Şelli dağının ətəyindəki təpələrdən birində olduğunu deyir: “Rəhmətlik Xosrov Şelli sakini idi, çox cəngavər oğlan idi. Bu dağın o üzündə ermənilərlə qabaq-qabağa çıxmışdı, o birini atmışdı, ermənilər də ona atmışdılar”.

Zahid Qarayev müdaxilə edir: “Mənə elə gəlir ki, Xosrovun qəbri burda deyil, çünki basdırıldığı yer evləri ilə üzbəüz idi”.

Şahbaz İbrahimov: “Biz onu Şəhidlər Xiyabanında basdırmaq istəyirdik, dedilər ki, yox, öz kəndləridir, elə burada basdırın. Ona görə burada basdırdıq. Məndə buranın çəkilişi var. O vaxt hələ müharibə qurtarmamışdı, mən bura ziyarətə gəlmişdim, bütün şəhidlərimizi  ziyarət etmişdim”.

Zahid müəllim əlini dodağına aparıb dağın ətəyinə baxa-baxa xeyli müddət fikrə dalır: “Onun qəbrinin üstünü götürməmişdik də biz?”

Şahbaz İbrahimov: “Yox, yox götürməmişdik. Torpaq idi, bircə şəkil qoyulmuşdu. Bu dağda elə döyüşlər gedib, elə dəhşətlər yaşanıb. Bu dağın bütün hündürlüklərində bizim postlarımız vardı. Qaraqaya deyilən yerdən beşatılanla bir erməniyə atdım. Təpəsi üstə gəldi aşağı (gülür). Sonra onların komandiri Vitali Balasanyan Allahverdiyə demişdi ki, bizim bir zabitimizi sizin uşaqlardan biri atdı. Allahverdi də gəlib bunu mənə danışdı”.

Fevralın 26-da gecədən başlayaraq Xocalıdan gələn köçkünlər Şelli-Qaraqaya istiqamətində qarşılanır, maşınlarla Ağdama göndərilirdi. Yolda soyuğa, şaxtaya davam gətirməyib ölənlərin, erməni gülləsinə tuş gələnlərin, o cümlədən, Xocalıdan çıxa bilməyib əsir götürülərək müxtəlif işgəncələrlə həlak edilənlərin də meyitlərini götürmək mümkün deyildi. Meyitləri götürmək istəyən döyüşçülərə ermənilər atəş açır, imkan vermirdilər. Belə olan halda Allahverdi Bağırov fevralın 27-də erməni döyüşçülərin komandiri Vitali Balasanyanla danışıqlar aparır. Danışıqlar nəticəsində fevralın 28-dən başlayaraq əsir və ölülərin dəyişdirilməsi başlanılır. Əsir və meyitlərin mübadilə prosesi isə 19-cu post deyilən ərazidə baş tuturdu.

Dayandığımız 19-cu post (Həmin vaxt burada Azərbaycanın polis postu yerləşirdi – M.A.) deyilən ərazidən sonra ermənilərlə azərbaycanlıların təmas xətti başlayırdı. Dumana baxmayaraq buradan neçə-neçə nakam xocalılının ruhuna öz qoynunda sığınacaq verən Qaraqaya da görünür. Canlarını sağ qurtaranlar Qaraqayanın aşağısı ilə gəlib Qarqar çayının içi ilə keçib gəlirdilər.

 

“Mən Qaraqayanın üstünü kəsib camaata deyirdim ki, ordan keçməyin, çünki ora minalanmışdı, Zahid Qarayev danışır, - bir dəfə də Əsgərandan meyit gətirirdik. Maşının içində hardasa 50-60 meyit vardı. Biz Elmanla bura (19-cu postun ərazisinə - M.A.) gəldik. Uşaqlar isə meyit dolu maşınla Qaraqaya tərəfdən gedirdilər. Gələndə burda ermənilərə dedik ki, meyitləri yığdıq, sabah da gələcəyik, dedilər sabah gəlməyin, bizim işimiz var. Vitali (Vitali Balasanyan – M.A.) soruşdu ki, maşın hanı? Dedim maşın odey orayla gedir, Qaraqayadan keçib Şelliyə gedəcək. Gördüm duruxdu. Soruşdum nolub ki? Gördüm dinmir. Yanında başqa erməni vardı. O mənə dedi ki, bəs o yola mina qoymuşduq, maşın partlayacaq. İçi də dolu meyit, altı nəfər də diri adam. Tez buşlatımı soyundum, qışın günü olmasına baxmayaraq Qarqarın içi ilə yüyürdüm Qaraqayaya tərəf. Gördüm çata bilmirəm, maşının da mina olan yerə çatmağına az qalmışdı. Silahı çıxardım, ordan öz maşınımıza atəş açdım. Bunlar məni görüb dayandılar. Əlimlə işarə elədim ki, Haqverdi, mənəm, dayanın. Gedib gördüm ki, ermənilər yola iki tankəleyhinə mina qoyublar, altında da F1 qumbarası. Bıçaqla minanın yerini bir az açdım. Hamıya dedim ki, kənara çəkilin, qıraqdan qrantamyotla vurdum, minaların ikisi də partladı. Ondan sonra maşınlar keçib getdi. Təzədən qayıtdım bura, Vitaliyə dedim ki, bunun əvəzini səndən çıxacam!”

 

Burada vaxtilə su dəyirmanı da vardı. Yolun hər iki tərəfi isə yerli əhəmiyyətli tarixi abidələrin – türbələrin olduğu qədim Qarağacı qəbiristanlığı idi. Daha nə o türbələr var, nə də qədim qəbir daşları. Ermənilər qəbiristanlığı əkin sahəsinə çeviriblər. Buradan Əsgərana 4 kilometrdir.

Əkbər Rüstəmov əsirlərin və meyitlərin dəyişdirilməsi prosesində iştirak etmədiyini deyir: “Mən birinci gündən dəyişdirmələrdən imtina eləmişəm. Mən deyirdim ki, sağa sağ, ölüyə ölü dəyişək, daha mən diri verim, sən ölü, razı deyildim. ”

 

“Danışıqlar Allahverdi ilə Balasanyanın arasında olurdu”, - Zahid Qarayev ətraflı izah edir, mənlə Şahbaz iştirak etmişik, - ermənilər qabaqda (Əsgəran tərəfi göstərir – M.A.) dərin bir xəndək qazmışdılar. Bizim maşınlar gedib xəndəyin bu üzündə, ermənilərin maşını o üzdə dayanırdı. O yana keçib ermənilərin maşınına minirdim, gedib əsirləri gətirirdim. Dürdanəni (8 gün erməni əsirliyində qalmış Dürdanə Ağayeva- M.A.) ordan tapdım. Bir də Valeh Hüseynovu ordan gətirmişəm. Valeh maşında elə bildi ki, mən də erməniyəm. Orda ermənilərin komandiri vardı, Manvel, onunla dalaşdım ki, səninlə nə vaxtsa qabaq-qabağa çıxacağıq. Ya sənə verən Allah, ya mənə. Dustağı nə var döyməyə. Valeh gəldi oturdu maşının arxasında, mən də qabaqda. Gördüm səsi çıxmır. Dedim nətərsən? Qayıtdı ki, sən azərbaycanlısan? Dedim, qorxma, sənin dalınca gəlmişəm. Dürdanə ilə Valehi bax o cür ordan götürüb gətirdim bura”.

 

Həmin vaxt əsirlikdən xilas edilənlərin arasında Xocavənd rayon Qaradağlı kənd sakini Rafiq Quliyev də olur: “Bizim Qaradağlı kəndi erməni yaşayan 32 kəndin əhatəsində yerləşməsinə baxmayaraq 1992-ci ilin fevralın 17-ə kimi tab gətirdi. Biz onda 92 şəhid verdik. Döyüşlərdə hər bir şəhidimiz ən azı iki erməni öldürdü. Deməyim odur ki, son nəfəsəcən döyüşdük, lakin patronumuz qurtardı, kömək gəlmədi, ona görə əsir düşdük. Bizim yoldaşlardan neçəsini yolda işgəncə ilə öldürdülər. Kimisinin üstündən “Kamaz”la keçdilər. Neçəsini bel sapı ilə döyə-döyə qətlə yetirdilər. Atamı da həmin vaxt işgəncə verə-verə şəhid eləmişdilər. Anam da əsir düşənlər arasında idi. O danışır ki, itə konyak içirib, hamilə qadının üstünə buraxdılar. İt hamilə qadının qarnını parçalayıb uşağı çıxardı. Bax, onlar bizə bu cür işgəncələr verirdilər”.

Rafiq Quliyev əsir götürüldükdən sonra Xankəndinə aparılır, azad edilənədək orada saxlanılır. Olmazın işgəncələrlə üzləşən Rafiq Quliyev Allahverdi Bağırovun səyi nəticəsində azadlığa qovuşur: “Ermənilər gəlib adbaad çağırdılar, 9 nəfər Qaradağlı sakini idi, 2 nəfər də Xocalı. Bizi Əsgərana, ordan da bura gətirdilər, burda ermənilərlə dəyişdilər”.

19-cu post ərazisindən qayıdarkən Ağdamın şəhidlər xiyabanına baş çəkirik. Birinci Qarabağ müharibəsi zamanı həlak olanlar, o cümlədən Xocalıda qətlə yetirilənlərin bir hissəsi bu məzarlıqda dəfn edilib. Məzarlıq deyəndə ki... Kənardan baxanda sanarsan adicə nar bağıdır, ermənilər buranı da dağıdıb, məhv ediblər. Qəbirlərin əksəriyyəti torpağa qarışaraq yox olub.

 

Bu məzarlıqda uyuyanlardan biri də bayaq haqqında dəfələrlə söz açılan, döyüşçü yoldaşlarının böyük ehtiramla xatırladıqları, Xocalı soyqırımından sonra ermənilərlə danışığa gedərək 1003 əsirin alınmasına nail olmuş, Milli Qəhrəman, şəhid Allahverdi Bağırovdur. Döyüşçü yoldaşları komandirlərinin məzarı başına yığışıb fatihə verir, daha sonra şəkil çəkdirirlər.

 

Bir qədər aralıda isə Əkbər Rüstəmovun oğlu, Qarabağ şəhidi Sənan Rüstəmov dəfn edilib. Əkbər müəllim, 74 yaşlı Qarabağ döyüşçüsü müharibədə çiyin-çiyinə vuruşduğu oğlunun məzarı başında bir xeyli səssiz dayanır. Görəsən nə fikirləşir? Oğlunun nakam ömrünümü? Yoxsa 28 il düşmən pəncəsində qalan, üstündə adı belə olmayan məzarınımı, 28 il ərzində heç olmasa bircə dəfəcə gəlib qəbrini qucaqlaya bilməməyinimi?.. Yoxsa? Nəhayət, oğlunun məzarına, doğulduğu yerlərə, ana yurduna qovuşmağınımı?

Geri qayıdarkən yenidən Ağdam məscidinin yanından keçirik. Qoşa minarəni görər-görməz Əkbər müəllimin uzun illər sonra çin olan yuxusu yadıma düşür. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun rəşadəti sayəsində doğma torpaqlarımıza qayıtdıq. Qaradağlının, Xocalının, Qarabağ müharibəsində həlak olmuş neçə-neçə günahsız qurbanların qanını aldıq. Qarabağ səfərləri çərçivəsində tanış olduğum əsgərlərdən birinin qətiyyətli sözlərini heç vaxt unutmaram. “Biz hər dəfə güllə atanda Xocalı qurbanlarını, güllələnən, işgəncə görən, zorlanan qadınları, uşaqları, qocaları gözümüzün qabağına gətirirdik, hər addımda onların qisasını almağa çalışırdıq” demişdi adının çəkilməsini istəməyən həmin əsgər. Sonra da vurğulamışdı: “Xocalının qisasını aldıq!”

Bu gün yuxu kimi bir gerçəklik yaşayıb Ağdamda, o məşum günlərin şahidi olmuş Cümə məscidinin qarşısında durmuşuqsa da sabah Xocalının mərkəzində dayanacağıq. O günlər də uzaqda deyil...

Foto - İlkin Nəbiyev © APA GROUP

Mirmehdi Ağaoğlu

Digər xəbərlər