Azərbaycan Prezidenti: “Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir”

Azərbaycan Prezidenti: “Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir”
  • Clock-gray 22:52
  • calendar-gray 03 Fevral 2020

 


“Keçən il 98 min yeni iş yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Buna görə biz daim bu məsələyə xüsusi diqqət verməliyik”.


APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, hər bir iş yerinin yaradılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən böyük vəsait tələb olunur: “Çünki iş yerlərinin yaradılması elə boş yerə olmur, gərək infrastruktur, şərait, imkanlar olsun. Özəl sektor, əlbəttə ki, iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və deməlidir.
Beləliklə, əsas iqtisadi göstəricilər bunlardır. Əgər buraya ölkəmizə qoyulan sərmayəni əlavə etsək, mənzərə daha gözəl olacaqdır. Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulubdur. Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir”.


Makroiqtisadi vəziyyətin tam sabit olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, inflyasiya cəmi 2,5 faiz təşkil etmişdir, əhalinin gəlirləri isə 7,4 faiz: “Yəni, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələmişdir. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artmışdır. Bu, deyə bilərəm ki, son illər ərzində rekord göstəricidir. Baxmayaraq ki, büdcəmiz rekord həddə çatmışdır, biz yenə də valyuta ehtiyatlarımızı artırmışıq. Bu, daim belə olubdur. Hətta bizim üçün ən ağır, böhranlı illərdə, - o vaxt ki, dünya bazarlarında neftin qiyməti dörd dəfə düşmüşdü, - yenə də biz valyuta ehtiyatlarımızı artırmışdıq. Ancaq keçən il 6,4 milyard dollar həcmində artım, əlbəttə ki, düşünülmüş siyasəti əks etdirir. Biz vəsaitimizə qənaət edirik. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə dövlət investisiyaları qoyuruq. Eyni zamanda, valyuta ehtiyatlarımızın idarə edilməsindən də daha böyük vəsait əldə edirik. Burada bir çox amillər özünü göstərir. Çünki bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından. Mənim bu yaxınlarda 14-cü dəfə Davos Ümumdünya İqtisadi Forumunda iştirakım və Forum çərçivəsində apardığım danışıqlar və iştirak etdiyim tədbirlər bir daha göstərir ki, Azərbaycana həm böyük maraq, həm də böyük rəğbət var. İyirmidən çox görüş keçirildi. Onu deyə bilərəm ki, bütün görüşlər qarşı tərəfin təşəbbüsü ilə həyata keçirildi. Yəni, bunu ona görə deyirəm ki, ölkəmizin inkişafına maraq doğrudan da böyükdür. Azərbaycanda iş görmək istəyən şirkətlərin sayı artır. Bilirsiniz ki, Davos Forumunda iştirak edən şirkətlər dünya miqyasında ən böyük şirkətlərdir. Yəni, oraya – Foruma daxil olmaq üçün bir çox meyarlar olmalıdır. Onlardan biri də əlbəttə ki, şirkətlərin kapitallaşdırılmasıdır”.


Dövlət başçısı vurğulayıb ki, böyük sərmayə qoyuluşu və valyuta ehtiyatlarımızın artımı bir daha göstərir ki, biz düzgün yoldayıq və bu yolla gedəcəyik: “Yanvar ayını nəzərə alsaq, bizim valyuta ehtiyatlarımız artıq 52 milyard dollara çatıbdır, təkcə keçən ay ərzində 1 milyard dollar artmışdır. Bu, bizim strateji ehtiyatımızdır. Bu, bizim iqtisadi müstəqilliyimizi və böyük dərəcədə siyasi müstəqilliyimizi təmin edir. Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır. Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır - ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir”.

Rəşad Sarıyev

Digər xəbərlər