Parlamentdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib

Parlamentdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib
  • Clock-gray 12:12
  • calendar-gray 17 Aprel 2020

“Bu gün bələdiyyələrlə bağlı ən çox narahat edən məsələ torpaq sahələrinin real qiymətdən daha aşağı satılmasıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin (2019-cu il üzrə)" müzakirəsi zamanı millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, bələdiyyələrdə iclasların keçirilməsi ilə bağlı da problem var: “Bir çox halda bələdiyyə sədrləri səlahiyyətlərini aşaraq, iclas keçirmədən özü qərarlar qəbul edir. Bu gün bələdiyyələrin sosial sığorta ödənişlərinin xeyli borcu olması da ciddi problemdir. Ən azı qardaş Türkiyə dövlətinin praktikası nümunə götürülməlidir. Türkiyədə bələdiyyələr yetərincə ciddi addımlar ata biləcək instituta çevrilib. Bizdə də Türkiyə təcrübəsindən yararlanmaq olduqca yerində atılmış addım olar. Hesab edirəm ki, Azərbaycan bələdiyyəsi 20 il ərzində xeyli iş görüb, amma bu işlər davam etdirilməlidir”.

Millət vəkili Azay Quliyev bildirib ki, bələdiyyələrin borclarının yığılıb qalması məsələsi də ciddi problemdir: “Ümumilikdə hesabatda nə qədər bələdiyyənin hansı borcları olması qeyd olunması yaxşı olardı. Eyni zamanda aktları ləğv edilmiş bələdiyyələrin də konkret adları hesabata salınsa, yaxşı olardı. Həmçinin bu bələdiyyələrlə bağlı görülən hüquqi tədbirlər də hesabatda göstərilməlidir. Yeni seçilən bələdiyyə üzvləri vətəndaşların inam və etibarını qazanmağı bacarmalıdır ki, insanlar vergiləri ödəsinlər. Ümumiyyətlə, bələdiyyələrin hesabatları həm elektronlaşmalı, həm də kifayət qədər əlçatan olmalıdır. Bundan başqa, bələdiyyələrin müstəqil gəlir əldə etmək qaynaqları yaradılmalıdır. Bu da bələdiyyələrin sosial problemlərinin həllində mühüm rol oynayacaq. Gələcəkdə bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq. Bakı bələdiyyələrinin mülkiyyətində olan torpaqların sərhədlərinin dəqiqləşməsinə də ehtiyac var”.

İnsan Hüquqları komitəsinin sədr müavini Tahir Kərimli isə qeyd edib ki, koronavirus pandemiyası hələ bitməyib və davam edir: “İki mühüm nəticə çıxarmışam. Bunlardan birincisi koronavirusa qarşı mübarizədə dövlətin səyləridir. Ölkəmizdə koronavirusun sürətlə yayılmasının qarşısı məhz ölkə başçısının vaxtında verdiyi qərarlarla alına bildi. ÜST də bu gün Azərbaycanın gördüyü işləri təqdir edir. Artıq ölkə başçısı sahibkarlara, insanlara müraciət edir ki, yardımlaşın, köməkləşin. Əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərimiz olub. Bu gün həmin xeyriyyəçilik işlərini dövlətimiz, ölkə başçısı, I Vitse-prezident, Heydər Əliyev Fondu aparır. Hər yerdə artıq ölkə başçısına və I Vitse-prezidentə qarşı yaxşı münasibət hiss olunmaqdadır. Bələdiyyələr də bu gün bu tədbirlərdə aktiv iştirak etməlidir”.

T. Kərimli qeyri-konstruktiv müxalif qüvvələri də pozucu fəaliyyətlərindən əl çəkməyə çağırıb.

Firuzə Vahid

Digər xəbərlər