Paşha Bank
Bank Of Baku

QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
# 06 noyabr 2026 13:52 (UTC +04:00)

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bu gün Gəncədə keçirilən Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

APA xəbər verir ki, müraciətdə forum iştirakçısı olan 400-dən artıq vətəndaş cəmiyyəti təmsilçisinin 8 Noyabr Zəfər Gününün 6-cı ildönümü ərəfəsində bu müraciəti etməkdən böyük qürur hissi keçirdiyi vurğulanıb.

Qeyd olunub ki, bu gün Azərbaycan yalnız torpaqlarını azad etmiş, suverenliyini bərpa etmiş dövlət deyil. Azərbaycan regionun siyasi və iqtisadi reallıqlarını müəyyən edən, beynəlxalq münasibətlər sistemində mövqeyi və sözü ilə seçilən, artan imkanları və nüfuzu ilə orta güc mərkəzinə çevrilən dövlətdir: ”Müharibədə Qələbə qazanmış Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etməsi Sizin siyasi liderliyinizin mühüm tarixi nəticəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi, müasir şəhər və kəndlərin salınması qalib Azərbaycanın gələcəyə baxışının ifadəsidir. Qarabağ və Şərqi Zəngəzurda yenidən həyatın canlanması Qələbəmizin əbədi və dönməz nəticələrini nümayiş etdirir”.

Müraciətdə vurğulanıb ki, Azərbaycan QHT-ləri vətəndaş cəmiyyətinin fəal təmsilçiləri olaraq bu istiqamətdə öz məsuliyyətini dərindən dərk edir və dövlətin milli maraqlarının, mənəvi və Konstitusion dəyərlərinin qorunmasına bundan sonra da töhfə verməyə hazırdır: “

Biz – Azərbaycan QHT-ləri Sizin yanınızdayıq, Sizinləyik və dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması, xalqımızın birliyi və həmrəyliyi naminə müəyyən etdiyiniz strateji hədəflərin həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq. Gəncədə toplaşdığımız Forum çərçivəsində mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyununu seyr edərkən bir daha əmin olduq ki, Azərbaycan xalqının yenilməz ruhunu heç bir mina, heç bir müharibə yarası sarsıda bilməz – bu insanların meydanda nümayiş etdirdiyi iradə, həyat eşqi və mübarizə əzmi bizim Qələbəmizin xalqımızın qəlbində əbədi məskən salmasının parlaq təzahürü idi.

Bu əlamətdar gün ərəfəsində bir daha bəyan edirik ki, Azərbaycan QHT-ləri Sizin rəhbərliyinizlə həyata keçirilən siyasəti tam dəstəkləyir, müstəqil və qüdrətli Azərbaycanın gələcəyinə böyük inamla baxır.

Zəfər xalqımızın qüruru, suverenliyimiz dövlətimizin əbədi sərvəti, Azərbaycançılıq məfkurəsinə əsaslanan milli birliyimiz isə gələcək qələbələrimizin təminatıdır!”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR