YAP rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi olub

YAP rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi olub
# 29 fevral 2020 21:52 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, müşavirədə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini bildirib.

Ə.Əhmədov qeyd edib ki, YAP və onun fəalları qazanılan uğurların cəmiyyətimizdə təbliği baxımından aktiv fəaliyyət göstərir: “Ölkəmizdə ötən ilin dekabrında bələdiyyə, bu il fevral ayının 9-da parlament seçkiləri keçirilib və hər iki seçki partiyamız üçün sınaq oldu. Əslində, hər bir seçki sınaqdır. Bu dəfə isə iki seçki kampaniyasının demək olar ki, üst-üstə düşməsi bu sınağın möhkəmliyini göstərdi. Partiyamızın bütün strukturları bu sınaqdan uğurla çıxdılar. Həm bələdiyyə, həm də parlament seçkiləri kampaniyası Yeni Azərbaycan Partiyası üçün uğurlu oldu”.

YAP Sədrinin müavini partiyanın rayon təşkilatlarının seçki kampaniyasının uğurla keçirilməsi üçün öz işlərini yaxşı təşkil etdiklərini diqqətə çatdırıb: “Seçki kampaniyaları zamanı rayon təşkilatları öz resurslarını tam səfərbər etdilər. Eləcə də, bu prosesdə gənclərimiz və partiyamızın könüllülərinin fəallığı xüsusi qeyd olunmalıdır”.

Ə.Əhmədov nəzərə çatdırıb ki, seçki kampaniyaları zamanı Prezident İlham Əliyevin siyasətinin uğurları, əldə olunan nailiyyətlər bir daha əhali arasında geniş təbliğ olunub: “YAP bu seçki kampaniyalarını uğurla keçirməklə bir daha özünün cəmiyyətdəki nüfuzunu və rolunu təsdiq etmiş oldu”.

Müşavirədə həmçinin YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov qarşıda duran vəzifələrdən də danışıb.

Tədbirdə partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR