Dələduzluqda ittiham olunub bəraət alan şəxslə bağlı hökm ləğv edilib

Dələduzluqda ittiham olunub bəraət alan şəxslə bağlı hökm ləğv edilib
# 01 fevral 2023 14:36 (UTC +04:00)

Yasamal Rayon Məhkəməsinin külli miqdarda dələduzluqda ittiham olunan Şahmar Əliyevə bəraət verilməsi ilə bağlı hökmündən verilmiş protestə baxılıb.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək bəraət almış şəxs barəsindəki hökmün ləğv edilməsini tələb edib.

Prokuror protest haqda danışaraq bildirib ki, məhkəmə ittihamın təqdim etdiyi sübutları və cinayət işində olan digər sənədləri düzgün tədqiq etməyərək əsassız nəticəyə gəlib. Qeyd edib ki, ittihamın sübutlarının rədd edilməsi motivləri hökmdə əsaslandırılmağa çalışılsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil edib.

Prokuror birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Şahmar Əliyevin verilmiş ittihamla təqsirli bilinərək azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə protesti qismən təmin edib.

Qərara əsasən, Şahmar Əliyev barəsindəki bəraətverici hökm ləğv edilib. Lakin ona həbs cəzası deyil, 1 il 9 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) verilib.

Qeyd edək ki, Şahmar Əliyevin tanışı Təranə Fərəcovaya məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərəcəyi adı ilə yalan vəd verərək ondan 20 min manat məbləğində pul aldığı iddia olunur.

Qeyd olunan əmələ görə, ona Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

İş Yasamal Rayon Məhkəməsində araşdırılıb. Məhkəmənin 17 iyun tarixli hökmü ilə Şahmar Əliyev verilmiş ittihamlarla təqsirsiz hesab olunaraq bəraət alıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR