Füzuli peşə məktəbinin direktorunun məhkəməsi başlayır

Füzuli peşə məktəbinin direktorunun məhkəməsi başlayır
# 03 mart 2023 12:14 (UTC +04:00)

Əmək haqqı və təqaüdlərin mənimsənilməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

1 nömrəli Füzuli peşə məktəbində yol verilmiş qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaq zamanı qeyd olunan təhsil müəssisəsinin direktoru Oqtay Vəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək dövlət büdcəsindən ayrılmış 119 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Oqtay Vəliyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR