LDU-nun müəllimi ilə bağlı xəbərlərə aydınlıq gətirilib - YENİLƏNİB

LDU-nun müəllimi ilə bağlı xəbərlərə aydınlıq gətirilib - YENİLƏNİB
# 03 may 2022 14:46 (UTC +04:00)

Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Elşad Rəhimovun tələbə qızlara əxlaqsız təkliflər etməsinə dair yayılan xəbərlərə aydınlıq gətirilib.

Universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparır və araşdırmanın nəticəsindən asılı olaraq tədbir görüləcək.

“Fakt təsdiqini tapsa, ən sərt formada ölçü götürüləcək. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - qeyd olunub.

Elşad Rəhimov isə APA-ya açıqlamasında bildirib ki, yayılan video əslində 1 il əvvəl çəkilib və tələbələrlə heç bir əlaqəsi yoxdur: “Yayılmış görüntülərlə bağlı onu deyə bilərəm ki, ki, 2021-ci ildə “Facebook”da “Messenger”imə müəyyən videolar gəlirdi. İstər-istəməz telefona gələn linkləri açıb baxırıq. Mən həmin videolara baxan kimi bağlayırdım”.

Elşad Rəhimov qeyd edib ki, tələbələrə qiymət yazmaq üçün əxlaqsız təkliflər etməsinə dair yayılan məlumatlar yalandır və məlum video tələbələr tərəfindən yayılmayıb: “Mən artıq 5-6 ildir ki, universitetdə müəllim kimi fəaliyyət göstərirəm. Mənim tələbələrlə yalnız müəllim münasibətim var”.

Elşad Rəhimov iddia edib ki, video onu şantaj etmək məqsədi ilə ictimailəşdirilib.

***

12:09

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin (LDU) müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev APA-ya bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

"Yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq", - nazirlik nümayəndəsi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkədə LDU-nun müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR