Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI - FOTO - VİDEO - YENİLƏNİB - 8

Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI  - FOTO  - VİDEO  - YENİLƏNİB - 8
# 04 sentyabr 2022 20:22 (UTC +04:00)

Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.

APA-nın Cənub bürosunun məlumatına görə ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.

Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:

Həşimova Sərvər Əhməd qızı;

Axundova Saray İslam qızı;

Ağayeva Təcrübə Ağababa qızı;

Cəfərova Güldəstə Məmmədağa qızı;

Rzayeva Səmayə Ağababa qızı;

Rəhimova Nazxanım İsabala qızı;

Tahirova Zərnitac İslam qızı.

Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən palataya köçürülüb.

Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da stabilləşməyə doğru gedir.

***

Saat 19:59

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən APA-ya bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.

Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.

***

18:28

APA-nın cənub bürosu xəbər verir ki, Lerikdəki qəza zaman ölənlərin 7-sinin adı məlum olub:

Xəlilova Dilarə Rəhim qızı

Həşimova Sərvər Əhməd qızı

Axundova Saray

Ağayeva Təcrübə

Cəfərova Güldəstə

Rzayeva Səmayə Ağababa qızı

Tahirova Zərnitac islam qızı

***

18:04

Qəzada yaralanan daha iki nəfərin adı bəlli olub:

Səyyadova Zəhra Rəhim qızı

Axundova Lətifə Zaman qızı

***

17:56

Xəbərə yeni fotolar və video əlavə edilb.

***

17:30

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

APA-ya TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

**

Hadisə Lerik-Lənkəran yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.

DİN Lənkəran Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ilkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

***

17:09

Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.

APA-nın cənub bürosu xəbər verir ki, xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə APA-ya Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.

Yaralıların bəzilərinin adı açıqlanıb:

Seyyadov Səyyad Hacıbala oğlu - sürücü

Kərimova Nazilə Ağaəli qızı

Fərəcova Şərafət Ənvər

İbrahimova Əsmət Ağababa qızı

Qurbanova Güllər Məmmədağa qızı

***

16:54

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.

APA-nın cənub bürosu xəbər verir ki, təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.

Qəza nəticəsində 5 nəfər ölüb, 10-a qədər insan yaralanıb.

Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov APA-nın yerli bürosuna xəbəri təsdiqləyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

**

16:34

Lənkəran- Lerik yolunda Günəşli kəndi ərazisində ağır qəza olub.

APA-nın cənub bürosu xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan avtobusdur. 5 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.

Yaralılar və ölənlər Lerik, Lənkəran və Masallı xəstəxanalarına aparılır.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR