Moskvada “ETNO FEŞN AMOR” gecəsi keçirilib - FOTO

Moskvada “ETNO FEŞN AMOR” gecəsi keçirilib - FOTO
# 16 mart 2023 10:50 (UTC +04:00)

Moskvada ənənəvi “Novruz AMOR” tədbirləri çərçivəsində “ETNO FEŞN AMOR” gecəsi keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər, Moskva şəhəri ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gecədə Azərbaycanın tanınmış, eləcə də gənc və istedadlı dizaynerlərinin əl işlərinin nümayişi keçirilib.

AMOR sədri Ceyhun Hüseynov gecəni açaraq bildirib ki, hazırda birliyin fəxri sədri olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə yaradılmış AMOR Azərbaycan tarixinin və mədəniyyətinin Rusiyada təbliğinə xüsusi diqqət yetirir. Ceyhun Hüseynov qeyd edib ki, elə bu gün təşkil olunmuş gecənin qonaqlarına da Azərbaycan tarixi, Novruz bayramı rəmzləri haqqında məlumat veriləcək, müasir dizaynerlərimizin milli ornamentlər əsasında hazırlanmış əl işləri nümayiş etdiriləcək, milli musiqilərimizdən, o cümlədən Azərbaycan muğamından ibarət konsert proqramı təqdim olunacaq.

Moskva şəhəri Şərq İnzibati Dairəsinin Mədəniyyət Mərkəzləri Birliyinin baş direktoru Aleksandr Moskalyov Rusiya və Azərbaycan xalqlarının tarixi dostluq münasibətlərindən danışaraq, xalqlarımızın bir-birinin tarixi, mədəniyyəti, məişəti barədə daha çox məlumat əldə etməsinin vacibliyini vurğulayıb, bu baxımdan, “ETNO FEŞN AMOR” gecəsinin əhəmiyyətini diqqətə çatdırıb.

A.Moskalyov qeyd edib ki, Moskvadakı Etnoqrafiya kitabxanasında Azərbaycan aylığı keçiriləcək, Azərbaycan barədə mühazirələr, tematik gecələr təşkil olunacaq.

AMOR-un Novruz gecəsi Azərbaycan dizaynerləri Həmidə Məlikova, Nərgiz Şahbazi, Aliyə Əliyeva, Fatimə Allahverdiyeva, Natavan Əliyevanın bahar əhval-ruhiyyəli, Novruz ornamentli geyim kolleksiyalarının nümayişi ilə davam edib.

Elman Həsənlinin rəhbərliyi ilə “ButaTrio”, müğənni Sultan və başqalarının ifasında Azərbaycan muğamları və bəstəkarlarımızın əsərləri tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR