"Azerbaijan Maritime Engineering and Construction" MMC (AMEC) bu il sentyabrın 20-21-də Bakıda keçiriləcək “Black and Caspian Freight” forumunun baş partnyoru olub.
Məlumat üçün deyək ki, 2014-cü ildə təsis edilən "Azerbaijan Maritime Engineering and Construction" MMC dəniz, gəmiçilik, neft-qaz və bərpa olunan enerji sektorlar sahəsində bütün növ gəmi yoxlamaları, gəmi və dəniz mühəndisliyi, dəniz layihələrinin idarə olunması, layihələr üçün tələb olunan gəmilərin icarəsi, su altının qazaraq dərinləşdirməsi, neft və qaz boru xətlərinin çəkilməsi, sərnişin, yük terminallarının dizaynının verilməsi və tikilməsi, gəmilər üçün körpülərin, dayanacaq yerlərinin tikilməsi və s. xidmətləri göstərən beynəlxalq standartlara uyğun şirkətdir.
"APA-Economics" “Black and Caspian Freight” forumu ilə bağlı "Azerbaijan Maritime Engineering and Construction" MMC-nin direktoru Rəşad Şəkərovla müsahibəni təqdim edir.
- Bildiyimizə görə, sentyabr ayının 20-21-də Bakıda “Black and Caspian Freight” forum keçiriləcək və siz bu forumun baş partnyorusuz.
- Bəli, nəzərinizə çatdırmaq istəyirəm ki, qeyd olunan forum keçən il sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində keçirilmişdi. Mən də bu forumda şirkətimiz adından iştirak etdim. Forumda Xəzər və Qara dənizi ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizlərinin və marşurutlarının, logistika infrastrukturunun inkişaf etdirilməsi, gömrük rəsmiləşdirilməsinin və ticarətinin sadələşdirilməsi, rəqəmsallaşdırılması, “Bir Pəncərə” mexanizminin yaradılması və s. kimi mövzular müzakirə olundu. Artıq, forumun gedişatında qərara aldım ki, növbəti il bu forumu mütləq Azərbaycanda keçirək. Tarixən İpək Yolunun keçdiyi Azərbaycan ərazisi Avropa və Asiyanın ən ucqar ölkələrini birləşdirən, strateji iqtisadi-ticari dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın qısa zaman ərzində nəqliyyat infrastrukturu daha da inkişaf etdirilərək dəniz, quru və dəmir yolu nəqliyyatına böyük investisiyalar yatırılıb. Bütün bunları nəzərə alaraq, Forumun təşkilatçılarına müraciət etdim və onlar böyük məmnunluqla razı oldular. Ölkəyə qayıtdıqdan sonra, forumun Bakıda keçirilməsi və səmərəli olması üçün bütün komandamla çalışdıq. Nəticə etibarilə, bu il sentyabrda Four Seasons otelində qeyd olunan Forumun keçirilməsi baş tutacaq.
- Sizcə, bu forumun ölkəmizə nə kimi xeyri olacaq?
- Məlumdur ki, indiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra nəqliyyat marşrutları üçün ciddi təhdidlər yaranıb. Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət hökm sürür və demək olar ki, onların fəaliyyəti dayandırılıb. Bu şəraitdə beynəlxalq “şimal-cənub” və “şərq-qərb” nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın loqistika baxımından əhəmiyyəti daha da yüksəlib.
Respublikamızın cəlbediciliyini artıran mühüm amillərdən biri ölkəmizin tərəfdaş dövlətlərlə xoş niyyətə əsaslanan münasibətlər qurmasıdır. Bəllidir ki, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Bu səbəbdən də ölkənin bütün beynəlxalq nəqliyyat, enerji, kommunikasiya xətləri digər dövlətlərin ərazisindən keçməlidir. Buna nail olmaq üçün ilk növbədə qonşu və digər dövlətlərlə sıx dostluq münasibətləri yaradılmalıdır. Yəni, söhbət tranzit daşımalarından gedirsə, burada tərəfdaş ölkələrlə əməkdaşlıq, qarşılıqlı xoş münasibətlər önə çıxır. Azərbaycanın timsalında bu hal aydın şəkildə görünür. Coğrafi mövqe ilə yanaşı, Cənab İlham Əliyevin həyata keçirdiyi tam müstəqil xarici siyasət nəticəsində Azərbaycanın bölgənin bir çox dövlətləri ilə sıx dostluq münasibətləri yaradılıb. Bu da ölkəmizin tranzit daşımaları sahəsində uğurlar qazanmasını şərtləndirən mühüm amillərdən biridir və bu münasibətlər sayəsində bir çox beynəlxalq layihələr gerçəkləşdirilib. Bu forumda da müxtəlif ölkələrdən nümayəndələr iştirak edəcək, yerli şirkətlərlə tanışlıq olacaq, əlaqələr genişlənəcək, bir sıra beynəlxalq layihələr müzakirə ediləcək.
- Ümid edirik ki, “Black and Caspian Freight” Forumu çox uğurla həyata keçiriləcək, ölkəmizə böyük faydası olacaq.
- Mən də AMEC komandası ilə birgə forumun uğurla keçirilməsinə çalışırıq. Ümumiyyətlə, həyata keçirilən bütün tədbirlər şübhəsiz ki, Azərbaycanın regionda beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm ticarət, tranzit mərkəzinə çevriləcəyini bir daha təsdiqləyir. Çünki, Azərbaycan Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilərək yeni təşəbbüslər irəli sürməkdə davam edir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.