İqtisadiyyat naziri: "İqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb"

İqtisadiyyat naziri: "İqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb"
# 14 aprel 2020 23:40 (UTC +04:00)

"Sahibkarlara dəstək proqramı artıq fəaliyyətdədir. Muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və sahibkarlara dəstək proqramı çərçivəsində 10 min 914 vergiödəyicisi onlayn sistem vasitəsilə müraciət etmişdir. Həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 124 min 510 nəfərdir".

APA xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.

Nazirin sözlərinə görə, Maliyyə Nazirliyi və agent banklarla birlikdə həmin siyahı üzrə maliyyə dəstəyinin birinci ay üzrə ödənilməsinin təmin edilməsi üzərində işlər görülür: "Bu məqsədlə nəzərdə tutulan vəsaitin məbləği 16 milyon 890 min manat təşkil edir. Faktiki olaraq dünən axşama artıq ödəniş edilmiş vergiödəyicilərinin sayı 2636 vergiödəyicisi olmaqla, həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 24 min 463 nəfərdir. Fərdi və mikro sahibkarlara maliyyə dəstəyi proqramı da həyata keçirilir. Bu günədək müraciət etmiş vergiödəyicilərinin sayı 16 min 502 sahibkardır. Müvafiq olaraq bu günədək təqdim edilmiş müraciətlər üzrə nəzərdə tutulmuş maliyyə dəstəyinin məbləği 15 milyon 483 min manat təşkil edib".

"Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb. Həmkar strukturların vizalarının razılaşdırılması prosesi həyata keçirilir. Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir. Burada mən xüsusilə qeyd etmək istəyirəm ki, biz bank sektoru ilə birgə müəyyən olunmuş çərçivədə bu işi həyata keçiririk və məhsuldar iş gedir. Həmçinin yeni iqtisadi şəraitdə, tədbirlər planında müəyyən edilmiş iqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb", - deyə İqtisadiyyat naziri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR