“Veysəloğlu” sistemin rəqəmsallaşdırılmasına 5 milyon manat sərf edib” – MÜSAHİBƏ

“Veysəloğlu” sistemin rəqəmsallaşdırılmasına 5 milyon manat sərf edib” – MÜSAHİBƏ
# 23 iyun 2022 15:15 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupunda 2020-2025-ci illər ərzində SAP layihəsi çərçivəsində qrupa daxil olan distribusiya şirkətində artıq SAP S/4HANA platformasına keçid baş verib. Qeyd edək ki, SAP S/4HANA müəssisə resurslarının planlaşdırılması üzrə dünyada lider sistem olaraq ən uğurlu pərakəndəçilərin seçimidir.

APA-Economics” Veysəloğlu Şirkətlər Qrupunun Rəqəmsal Transformasiya direktoru Özgür Kakmacı ilə müsahibəni təqdim edir.

- Özgür bəy, Veysəloğlu Şirkətlər Qrupu rəqəmsal idarəetmə ilə bağlı hansı yenilikləri həyata keçirib?

- 2019-cu ilin sonundan etibarən Avropanın ən böyük proqramlaşdırma şirkəti SAP SE ilə rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq edirik. Amma bildiyiniz kimi, belə layihələrin icrası asan olmur. Çünki nəticə etibarilə bütün idarəetmə sistemi dəyişir. Əvvəlcə bu prosesə ciddi hazırlıq lazımdır. Şirkətin hazırlığı ilə yanaşı, rəqəmsallaşmanın tətbiqi 2 ilə yaxın vaxt apardı.

- Tətbiq edilən rəqəmsallaşma şirkət üçün nəyi dəyişdi?

- Bilirsiniz, Veysəloğlu Şirkətlər Qrupu ümumi olaraq, 19,500-dən çox əməkdaşı olan bir qurumdur və təbii ki, belə böyük şirkətdə bütün əməliyyatlara başdan-başa nəzarət etmək çətin idi. Hətta əvvəllər müxtəlif sahələrdə idarəetmə manual qaydada aparılırdı. Bəzi sahələrdə problemləri həll etmə imkanlarımız məhdud idi. Belə ki, istifadə edilən çoxlu texnoloji həllər olsa da, bunların çoxu manual qaydada inteqrasiya edilmişdi. Bəzi sahələrdə problemlərin həlli üçün ümumiyyətlə, təkliflərimiz yox idi. Sistemin təməldən qurulmasına ehtiyac yaranmışdı. SAP ilə biz bütün əvvəlki inteqrasiyaları ortadan qaldırdıq. Vahid bir platforma üzərindən bütün işlərimizi idarə edə bilmə imkanı əldə etdik. Ən əsası “SAP Global best practice” xidmətlərini aldıq ki, bizim idarəetmə sistemimiz də qlobal səviyyəyə çatsın.

- Bir misal üzərində izah edə bilərsiniz?

- Məsələn, bizim gəlirlilik təhlilimiz əvvəlki manual sistemdə indiki qədər detallı deyildi. Hazırda həm müştəri, həm də məhsul üzrə gəlirlilik təhlilini apara bilirik. Yüklərin çatdırılması xidməti ilə saxlama anbarları arasında əməliyyat manual qaydada həyata keçirilirdi. İndi isə yüklərin çatdırılması əməliyyatı optimallaşdırılıb, sistemə tanıdıldıqdan sonra hansı yüklərin saxlama kameralarında necə yerləşdiriləcəyi, hansı nəqliyyat vasitələrinə hansı məhsulların yüklənəcəyi birbaşa təyin edilir.

Hazırda 24 modul tam olaraq çalışır. Buna maliyyə, satış, satınalma, keyfiyyət, daşınma, əsas data, distribusiya, insan resursları və digər sahələr daxildir. Bütün sadalanan sahələr bir-birilə məlumat mübadiləsi əsnasında fəaliyyət göstərə bilir. Bunun isə birbaşa nəticəsini maliyyə baxımından görə bilirik.

- Sistemin vahid rəqəmsallaşması şirkətin xərclərinə nə qədər qənaət etməyə imkan verib?

- İndiyə kimi layihənin icrasına 5 mln. manat vəsait sərf olunub. Hesab edirəm ki, layihəyə ayırdığımız xərci qısa zamanda kompensasiya edə biləcəyik. Çünki hər şey artıq dağınıq şəkildə deyil, vahid sistem şəklində icra edilir. Hər şey şəffafdır və ölçülmə imkanları yaranıb, sistemdə hər bir əməliyyat digərləri ilə əlaqəlidir.

- Özgür bəy, istehsal prosesində necə, rəqəmsallaşmaya keçiləcəkmi?

- Digər şirkətlərimiz də bu sistemdən faydalanır. Biz Veysəloğlu Şirkətlər Qrupuna daxil olan distribusiya şirkətində layihəni artıq icra etmişik. İkinci rəqəmsallaşma layihəmiz “Araz” supermarketlərində davam edir və bu ilin sonuna kimi yekunlaşacaq. 2023-cü ildən isə “Ulduz” Şokolad Fabriki və “Xonça” Fabrikində SAP-nin istifadəsinə başlanılacaq. Yəni 5 illik rəqəmsallaşma proqramımız 2024-ci ilin sonuna kimi davam edəcək.

Təchizat zəncirinin optimallaşdırılmasını aktivləşdirməyə çalışacağıq. Yəni sürətli olaraq, şirkətləri bu prosesə daxil edərək, texnoloji həllərlə bağlı əhatə dairəmizi genişləndirərək işi davam etdirməyi planlaşdırırıq. Çünki bilirik ki, rəqəmsal transformasiya artıq qaçılmazdır. Amma rəqəmsal transformasiya “Xaricdən “iPhone” alıb gətirək, insanlar istifadə etsin”, xeyr, bu deyil. Şirkətlərin etdiyi ən böyük səhvlərdən biri də budur. Bir texnologiyanı gətirib istifadə etməklə rəqəmsallaşma olmur. Əvvəlcə prosesi optimallaşdıracaqsan, daha sonra orada avadanlıqların istifadəsini həyata keçirəcəksən. Operativ nəticə əldə edə biləcək hala gətirdikdən sonra rəqəmsallaşma sizə daha çox gəlir əldə etməyə imkan verəcək.

Müsahib haqqında: Gündəlik istehlak malları (FMCG) və elektronika istehsalı sektorunda 17 ildən artıq iş təcrübəsinə malik olan Özgür Kakmacı Harvard Biznes Məktəbində idarəçi səviyyəsində strategiyaların formalaşdırılması və komandanın idarəedilməsi texnikaları üzrə biliklərə yiyələnib. Veysəloğlu Şirkətlər Qrupunda 2020-ci ildən Rəqəmsal Transformasiya direktoru kimi çalışan Özgür Kakmacı İT strategiyası çərçivəsində istehsal və biznes proseslərinin SAP S/4HANA rəqəmsal platformasına keçirilməsi istiqamətində təşəbbüslər göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR