"AzerGold"un resursları son üç ildə 20 dəfədən çox artıb

"AzerGold"un resursları son üç ildə 20 dəfədən çox artıb
  • Clock-gray 10:59
  • calendar-gray 02 Fevral 2021

Fəaliyyətə başladığı dövr ilə müqayisədə "AzerGold" QSC-nin 2017-2020-ci illərdə qızıl, gümüş və polimetal yataqlarında səmərəli kəşfiyyat və tədqiqat fəaliyyəti nəticəsində beynəlxalq standartlara görə qiymətləndirilmiş və qəbul olunmuş resursların həcmi "Çovdar" yatağının sulfid mərhələsi, "Ağyoxuş 1" yatağı və "Filizçay" yataqlarının resursları hesabına 179 min unsiyadan 4 447 min unsiyayadək artıb.

"APA-Economics"in məlumatına görə, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu dövr Ümumi Qızıl Ekvivalenti (GEO) hesabı üzrə artım 20 dəfədən çox təşkil edib.

Ötən il "Çovdar" yatağının sulfid mərhələsi üzrə istismarı üçün İlkin Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması işləri yekunlaşdırılıb. "Çovdar" yatağının sulfid mərhələsi üzrə kəşfiyyat və tədqiqat işlərinin yekunlaşdırılması nəticəsində yatağın resursları 533,5 min unsiya (və ya 16,5 ton) həcmində artırılıb və bu rəqəmlər beynəlxalq məsləhətçi tərəfindən təsdiqlənib.

Z. İbrahimovun sözlərinə görə, "AzerGold" QSC geridə qoyduğu ildə regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Belə ki, ötən il Prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında imzaladığı Sərəncamına uyğun olaraq QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən "Çovdar" Filiz Emalı Sahəsinin bazasında "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb. Layihənin icrasının ilkin mərhələsi olaraq 2017-ci ildə "AzerGold”un geoloqları tərəfindən "Çovdar" yatağının yaxınlığında kəşf edilmiş "Ağyoxuş 1" yatağı 30 noyabr tarixində istismara verilib. Nəticədə, mövcud maddi-texniki resurslardan mərkəzləşdirilmiş qaydada istifadə edilməklə müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yatağın iqtisadi səmərəliliyi təmin edilib.

"“Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq. "Ağyoxuş 1" ilə yanaşı, "Ağyoxuş 2" və "Ağyoxuş 3" adlandırdığımız yataqların, eləcə də nisbətən yaxın məsafədə yerləşən "Narçala", "Mərəh", "Tülallar", həmçinin "Çovdar" yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlərinin emalı da "Çovdar" İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək. ÇİRES-in tam fəaliyyətə başlaması bölgənin sosial-iqtisadi inkişafına böyük ölçüdə təsir göstərəcək, yeni daimi iş yerlərinin açılmasına səbəb olacaq", - Z. İbrahimov qeyd edib.

O həmçinin vurğulayıb ki, təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq "Ağyoxuş" layihəsi üzrə növbəti yataqların – "Ağyoxuş 2", "Ağyoxuş 3", "Mərəh", "Narçala", həmçinin "Çovdar" qızıl yatağının sulfid mərhələsi üzrə istismarı, o cümlədən  "Tülallar" qızıl, "Filizçay" polimetal, "Qaradağ", "Xarxar", "Mazımçay" mis və digər yataqların istifadəyə verilməsi planlaşdırılır.

Emil İsmayılov

Digər xəbərlər