Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun Nazirlər Görüşündə iştirak edəcək

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun Nazirlər Görüşündə iştirak edəcək
# 03 oktyabr 2019 14:13 (UTC +04:00)

Moskvada “Rusiya Energetika Həftəsi – 2019” beynəlxalq forum keçirilir. Azərbaycanı sözügedən tədbirdə Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.

APA-nın Rusiya bürosunun məlumatına görə, “Rusiya Energetika Həftəsi” 2016-cı ildən etibarən keçirilir. Bu il forumda dünyanın 80 ölkəsindən 200-dən çox şirkətin 10 mindən artıq nümayəndəsi iştirak edir. Forumda energetika sahəsində əməkdaşlıq perspektivləri, investisiyalar, enerji təhlükəsizliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılır.

Forum çərçivəsində 80-dən çox ölkənin energetika nazirlərinin iştirakı ilə “Davamlı inkişaf üçün enerji tərəfdaşlığı” mövzusunda plenar iclas keçirilib. İclasda beynəlxalq əməkdaşlıq potensialının artırılması, habelə yanacaq-energetika sektorunda əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.

Nazir Pərviz Şahbazov “Qeyri-sabit dünyada energetika sahəsində əlaqələrin qorunub saxlanması” mövzusunda keçirilən plenar sessiyada çıxış edib. O, son illər ölkə iqtisadiyyatının inkişafından, həmçinin neft və qaz sənayesinə dövlət dəstəyindən, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində görülən işlərdən danışıb.

Sessiyada Rusiyanın Energetika naziri Aleksandr Novak, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Mineral Ehtiyatlar naziri Əbdüləziz bin Salman bin Abduləziz Əl Saud, Venesuelanın Neft Sənayesi naziri Manuel Kevedo və başqaları çıxış ediblər.

Azərbaycanın Energetika naziri beynəlxalq forum çərçivəsində bir çox ölkələrin energetika nazirləri, nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin rəhbərləri, o cümlədən OPEC-in baş katibi Məhəmməd Barkindo ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sahəsində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Beynəlxalq enerji həftəsi çərçivəsində Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) 21-ci Nazirlər Görüşü də keçiriləcək. Görüşdə Azərbaycan nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR