“Demokratiya sammiti”: ABŞ-ın məqsədi nədir? - TƏHLİL

Co Bayden

© APA | Co Bayden

# 10 dekabr 2021 14:34 (UTC +04:00)

Demokratiya hər hansı ölkənin, hər hansı qütbün patenti deyil, bəşəriyyətin ortaq dəyəridir. Demokratiya hər bir insan, cəmiyyət və dövlət üçün ən ali dəyərlərdən biridir. Təəssüflər olsun ki, ali dəyər olan və formalaşarkən ülvi məqsədlər güdən demokratiya bu gün tamam başqa mahiyyət almaqdadır. Başda ABŞ olmaqla, Qərb demokratiya terminindən beynəlxalq proseslərdə təzyiq mexanizmi kimi istifadə edir. Dekabrın 9-10-də ABŞ tərəfindən təşkil edilən və online formatda keçirilən “Demokratiya sammiti” də hazırda dünyanın əksər ölkəsində bir sıra suallar doğurmaqdadır.

ABŞ-ın “Demokratiya zirvəsi”nə dəvət etdiyi dövlətlərin siyahısında Anqola, Botsvana, Namibiya, Zambiya, Fici, Marşal adaları, Vanuatu, Nepal, Barbados, Panama, Surinam və s. kimi dövlətlər var. MDB məkanından isə Bayden Ermənistan, Moldova, Ukrayna və Gürcüstanı sammitə dəvət edib. Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan sammitə dəvət edilməyənlər siyahısındadır. Avropa İttifaqının üzvü olan Macarıstanın, Şərqin ən demokratik dövləti sayılan Türkiyənin “Demokratiya Forumu”na dəvət edilməməsi bu tədbirin Demokrat partiyası üçün hansı mənanı kəsb etdiyinin göstəricisidir. MDB məkanında isə Rusiyadan uzaqlaşmaqda olan ölkələri tədbirə dəvət edən Bayden və ətrafı bu kimi siyasəti ilə digər dövlətlərə “yol xəritəsi” göstərir - “Rusiyaya qarşı çıxın, siz də bizim klubun üzvü olun”.

Əslində, istisna deyil ki, “Demokratiya sammiti”nin keçirilməsinin əsas məqsədi Vaşinqtonun qlobal güc kimi planetdə “ağlar və qaralar” bölgüsü aparmasının təzahürüdür. Heç şübhəsiz ki, okeanın o tayı müntəzəm olaraq demokratiya pərdəsi altında onunla eyni “yol”da olmayan dövlətlərin daxili işlərinə qarışmağa davam edəcək. Onun yanında yer alan, əslində demokratiyadan qat-qat uzaqda olan, hələ də orta əsrlər idarəçiliyi ilə idarə edilən bəzi dövlətlərdəki insan ölümü, xaos, kütləvi haqsızlıqlara isə susmağa davam edəcək.

Bəs, bu gün dünyanı “ağlara və qaralara” bölmək kimə və nəyə xidmət edir? Məsələ burasındadır ki, XX əsrdə dünyanın 2 yerə parçalanmasının ideoloji məntiqi əsası vardı. Həmin dövrdə ABŞ siyasi elmdəki təsnifatın adı ilə desək, “kapitalist dünya”sı quraraq rus təhlükəsi qarşısında Avropanın Qərbinin təklikdə avtonom halda deyil, Vaşinqtonun çətiri altında yaşamasına nail oldu. Öz növbəsində, SSRİ qarşısına sosializm quruluşunu bütün dünyaya tətbiq etmək üçün “permanent inqilab” nəzəriyyəsini həyata keçirmək iddiası ilə kapitalizm dünyasına müharibə elan etmişdi. Bu nəzəriyyə Marksizmin o ideyasına əsaslanırdı ki, sosializmin mövcudluğunun vacib şərti onun bütün dünyada bərqərar olmasıdır. Bunun üçün isə hər hansı ölkədə başlanmış sosialist inqilabının bütün dünyada qələbə ilə başa çatana qədər davam etdirilməsi tələb olunurdu. Bolşeviklər özlərini dünyada Marksizm-Leninizm təliminə söykənən Sosializm quruculuğu nəzəriyyəsinin yeganə daşıyıcısı və həyata keçirən qüvvə kimi təqdim edirdilər.

Əslində isə, baş verənlər okeanın o tayında - sabit coğrafiya sayılan ABŞ-dakı qrupların oyunu idi. Çünki XX əsrin əvvəllərinə qədər xaotik və parçalanmış dünyanı əlinə almaq, onu idarə etmək heç də asan deyildi. Qlobal idarəçilik üçün liberal nəzəriyyələr əsasında beynəlxalq təşkilatların meydana gəlməsi, iqtisadi qloballaşma, eyni zamanda dünyanı əsarətinə alacaq qlobal ideologiyalar lazım idi. Avropada meydana gələn sosializmin nədənsə Qərbdə deyil, Şərqdə geniş yayılması da qlobal planın yəqin ki, bir hissəsi idi. Nəticədə, Avrasiyanın ən böyük güclərindən ikisi Almaniya və Rusiya bir cinahda deyil ( I və II Dünya müharibələri, hərbi-siyasi bloklar), ayrı-ayrı cinahların flaqmanları oldular. Avropadan qayıdan Leninin əsasını qoyduğu Sovetlər Birliyinin başçılığı altında 1990-cı illərin əvvəllərinə qədər davam edən sosialist dünyanın mövcudluğu kommunizm və Rusiya “təhdidi” qarşısında planetin qalan hissəsinin digər qlobal güc sayılan ABŞ-ın qucağına qaçması ilə nəticələndi. Beləliklə, ABŞ “xarici təhdid” fonunda NATO, Aİ kimi təşkilatlar yaratdı, dünyada ikiqütbdü idarəçilik sisteminə keçid baş tutdu.

1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması Vaşinqtonun qlobal fövqəl birqütblü güc olmasına gətirib çıxardı. İndi baş verənlər isə dünyanın yenidən bölünməsi və beynəlxalq proseslərdə düzəlişlər ediləcəyindən xəbər verir. Hazırda dünya “demokratik Qərb” və Çinin və Rusiyanın başçılığı ilə “avtoritar Şərq” kriteriyaları üzrə təsnifatlanmağa doğru gedir, insanları, ölkələri demokratik və qeyri-demokratik olaraq bölmək məqsədi daşıyır. Bu isə çox təhlükəli tendensiyanın təzahürüdür. Belə çıxır ki, bir azdan ötən əsrin ortalarında olduğu kimi, dövlətlər öz müstəqilliklərindən qismən imtina edərək ABŞ və ya Rusiya, Çin cinahlarından birini seçməlidir. Lakin şübhəsizdir ki, bugünkü beynəlxalq siyasi proseslərdə dünyanın demokratik və qeyri-demokratik coğrafiyalara bölünməsi uğursuz ideya olaraq yadda qalacaq.

Hazırda demokratiyanın beşiyi sayılan Qərb sivilizasiyası, əgər doğrudan da insan haqları, azadlıq, hüquqlar və sair kimi bəşəri əhəmiyyət kəsb edən mövzuların planetar miqyasda qələbəsində maraqlıdırsa, dünyanı “ağlara” və “qaralara” bölməyərək öz töhfəsini ülvi dəyərlərin yayılmasında göstərə bilər. Bunun üçün isə ikili standartlardan qaçmaq, ədalətsizliyə son qoymaq, dünyanı vətəndaş müharibələrinə qərq etməmək lazımdır. Təəssüflər olsun ki, Qərbdəki bəzi dairələrin apardığı siyasət Əfqanıstanın radikal qrupların təkrar əlinə keçməsi, sabit İraq, Suriya, Liviyanın xaos və müharibələrin mərkəzinə çevrilməsi ilə yadda qaldı. “Ərəb baharı” baş tutan ölkələrdəki vəziyyət, dost Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün pozulması fonunda Qərbin ikiüzlülüyü onu göstərir ki, bu gün demokratiya pərdəsi altında bəlli qüvvələr öz dövlət maraqlarını həyata keçirir, onlar üçün heç bir xalqın və dövlətin faciəsi önəmli deyil.

Azərbaycanın Şərqlə Qərb sivilizasiyaları arasında dialoq mərkəzinə çevrilməsi, ölkəmizdə müxtəlif dinlər arasında olan dostluq və qardaşlıq mühiti, multikulturalizm siyasətinin bütün dünyaya örnək olması fonunda “Demokratiya sammiti”nə ancaq bir xalqın – ermənilərin, bir dini konfessiyanın üzvlərinin - xristianların yaşadığı Ermənistanın, ölkədə rəqiblərini bir-bir həbsə atan Paşinyanın dəvət edilməsi bu ayrı-seçkiliyin və elə demokratiyanın əsas prinsiplərindən sayılan ədalətsizliyin əyani təzahürüdür.

Şübhə yoxdur ki, bu virtual müzakirələrdə nə demokratiya, nə də hansısa sosial-iqtisadi mövzular qabardılacaq, əvəzində isə geosiyasi toqquşmalar, qütb qarşıdurmalarının fəlsəfəsi iştirakçılara izah ediləcək.

Hər bir halda ümid edək ki, hazırda planetin qarşılaşdığı qlobal çağırışlar fonunda dünya gücləri öz xarici siyasət davranışlarında doğrudan da nə vaxtsa ədalətlilik, suverenlik, insan və xalqların haqları kimi prinsiplərə diqqətlə yanaşacaq, demokratik prinsiplərdən öz dövlət və qrup maraqları üçün deyil, bəşəriyyətin inkişafı üçün istifadə edəcəklər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR