Formula-1, AVRO-2020: Azərbaycan post-pandemiya dövrünə hazırlaşır - TƏHLİL

Formula-1, AVRO-2020: Azərbaycan post-pandemiya dövrünə hazırlaşır - TƏHLİL
# 02 iyun 2021 13:33 (UTC +04:00)

Dünya dövlətləri 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar yeni çağırışlarla üz-üzə qaldı. Azərbaycan da dünyanın bir parçası kimi COVİD-19 pandemiyasının təsirlərinə məruz qaldı, ancaq ölkəmizin koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər olduqca müsbət nəticələr verdi. Uzun müddətli mübarizənin nəticəsi olaraq artıq bütün dünyada, o cümlədən Azərbaycanda koronovirusun yaratdığı məhdudiyyətlər tədricən aradan qaldırılır. Pandemiya ilə mübarizədə müsbət təcrübə ilə çıxış edən Azərbaycan da artıq post-pandemiya dövrünə hazırlaşır.

Pandemiyanın yaratdığı problemlər kifayət qədərdir, indi o problemləri həll etmək zamandır. Məlum olduğu kimi, sərt karantin rejiminin tətbiqi ilə istehsal və xidmət sektoru ilə yanaşı, turizm və turizmlə birbaşa bağlı olan sahələrin də fəaliyyəti məhdudlaşdırılıb, insanların sərbəst hərəkəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib, beynəlxalq tədbirlər təxirə salınıb. Bütün bunlar virusun yayılmasının qarşısının alınması və ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədi daşıyırdı. Lakin artıq virusa yoluxanların və xəstəlikdən vəfat edənlərin sayı xeyli azalıb. Bu baxımdan, post-pandemiya dövründə turizmin inkişafı etdirilməsi və əvvəlki göstəricilərin bərpa edilməsi qarşıda duran vacib məsələlərdəndir. Post-pandemiya dövrü Azərbaycanın qarşısında yeni hədəflər qoyur. Digər tərəfdən, büdcə xərclərinin bir hissəsi erməni işğalından azad olunmuş ərazilərdə bərpa işlərinin başlanmasına yönələcək. Bu baxımdan, ölkəyə pul axınının təşkili üçün turizmin inkişafı və beynəlxalq yarışların Azərbaycanda keçirilməsi önəmlidir. Beynəlxalq yarışlara ev sahibliyi etmək, ölkəyə turist axınına nail olmaq pul axınını təşkil edən amillərdəndir.

Pandemiyadan əvvəl Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bakı bir çox nüfuzlu idman yarışlarının keçirildiyi şəhər kimi tanınıb. Bunlar ölkəni dünya miqyasında təbliğ etməklə yanaşı, ölkə vətəndaşlarının iqtisadi durumunu yaxşılaşdırmağa xidmət edən amillər sırasındadır. Əlbəttə ki, post-pandemiyaya hazırlıq yalnız idman yarışları ilə məhdudlaşmır Azərbaycan post-pandemiya dövründə iqtisadiyyatın artım tempini yüksəltmək, qlobal böhran və pandemiya şəraitində inkişaf modelinə uğurlu keçidi təmin etmək üçün zəruri addımları atır. Azərbaycan yalnız iqtisadi göstəriciləri nəzərə almır, eyni zamanda, işğaldan azad edilmiş Qarabağı böyük turizm mərkəzinə çevirməyə hazırlaşır.

Bakı hərbi, siyasi, iqtisadi sahələrdə olduğu kimi, idman sferasında da liderliyini qoruyub saxlaya bilir. Təxminən 500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula - 1 yarışının və futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi ölkənin təbliğatında, turizm potensialının bərpa edilməsində, ölkəyə maliyyə axınının təmin edilməsində böyük önəm daşıyır. Dünya təcrübəsi də göstərir ki, turizm inkişaf etmiş regionlarda dövlət və əhali gəlirlərinin 30%-ə qədəri turizm fəaliyyəti ilə bağlıdır. Turizm sosial sahə olaraq inkişafı xidmət sferası ilə bağlıdır. O cümlədən turizm inkişaf etmiş regionlarda sosial infrastruktura daha geniş yayılıb. Sosial infrastruktur sahələri isə nəqliyyat, ictimai iaşə, mənzil, otel və məişət xidmətləri sahələri ilə bağlıdır. Bu baxımdan vurğulamaq lazımdır ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizm axınına müsbət təsirini göstərir.

Birinci Avropa Oyunları və bu il keçirilən Formula-1 üzrə Azərbaycan Qran-Prisi ölkəmizə daha çox turistlərin cəlb olunmasında mühüm rola malikdir. Formula-1 yarışının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir. Bakı Avropa Qran-Prisi 187 ölkədə izlənilib. Bu isə bu sayda tamaşaçının Azərbaycan paytaxtını görməsinə imkan yaradıb və ölkəmizə turist axınının sürətlənməsinə kifayət qədər təsir göstərib.

Qeyd edək ki, Azərbaycanda turizm sektoru dünya standartlarına uyğun qurulub, ölkəmizin əlverişli iqlimi, sabitliyin, təhlükəsizliyin mövcudluğu turistlər üçün buranı ən əlverişli bir məkana çevirib. Burada mənəvi amilləri də nəzərə almaq lazımdır. Azərbaycanın qələbəsi ilə başa çatan müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini qabiliyyətini göstərir. Bakı hərbi sahədə qələbəyə imza atdığı kimi idman sahəsində də qələbələrə imza atır.

Burada daha bir məqama diqqət yetirək. 44 günlük savaşda xalq yekdillik nümayiş etdirdi. Hazırda da eyni tendensiya müşahidə edilir. Belə ki, Bakı sakinlərinin Formula-1 və futbol oyunların keçirildiyi günlərdə bəzi yerlərdə avtomobil yollarının bağlanması kimi müvəqqəti çətinlikləri anlayışla qarşılaması, bu mötəbər idman tədbirlərinin gətirdiyi dividentləri dərk etməsi xalqın taleyüklü məsələlərdə eyni hədəfə vurduğunun bariz nümunəsidir.

Maraqlı məqamlardan biri də odur ki, son dövrlərdə Azərbaycanda keçirilən kütləvi tədbirlərdə, o cümlədən Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi, İlk Avropa Oyunları, Formula-1 yarışında hər bir Azərbaycan vətəndaşı bilavasitə iştirakçı olur. Əgər hər bir azərbaycanlı ölkəmizə gələn qonağı küçədə, şəhərin müxtəlif yerlərdə qarşılayıb mədəni şəkildə yola sala bilirsə, turistə diqqət, qayğı göstərirsə, bununla Azərbaycanın qonaqpərvərliyini ortaya qoyur.

Bu tədbirlərdə könüllülər xüsusi fəallıq nümayiş etdirirlər. Bu, bir daha göstərir ki, Azərbaycanda könüllü şəkildə dövlət tədbirinə yardım edən bir qüvvə var. Eyni zamanda milli mənafe uğrunda, ümummilli məsələlərdə, ümumxalq məsələlərində gənclik enerjisi daim dövlətin, dövlətçiliyin yanındadır. Ona görə də bu məsələlərdə könüllülərin xidmətini xüsusilə qiymətləndirmək lazımdır.

Əlbəttə ki, Azərbaycanın maddi qazancı da diqqətdən kənarda qala bilməz. Xatırladaq ki, Formula-1 yarışları indiyə qədər Azərbaycana 506.3 milyon dollar gəlir gətirib. Bu məbləğ Formula-1 yarışları ilə əlaqədar Bakıya gələn qonaqların xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur ki, Bakıda baş tutmuş dörd Qran Pri ərzində qeydə alınmış birbaşa gəlirlərin 73.8 milyon dolları məhz bu sektorların payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 300.6 milyon dollar təşkil edib ki, bu göstəriciyə Formula-1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədar yaranmış digər gəlirlər daxildir.

İndiyədək Bakıda keçirilmiş dörd Qran Pri ərzində qeydə alınmış dolayı gəlirlər isə ümumilikdə 205.7 milyon dollar təşkil edib. Dolayı gəlirlərə Bakıda keçirilmiş Formula-1 yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildir. Bu gəlirlər sözügedən illər ərzində yerli bizneslərdə xüsusən yarışa yaxın aylarda çox sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində 5-10 min arasında qısa və orta müddətli yeni iş yeri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7.5 min təşkil edib.

Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da Formula-1 yarışlarının rolu böyük olub. Belə ki, 2018-ci ildə baş tutmuş Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib.

Formula - 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri ildən-ilə azalır. İlk keçirilən yarış zaman infrastrukturun qurulmasına, o cümlədən asfalt örtüyünün çəkilməsinə, reklam işinin aparılmasına xərclər çəkilirdi. Lakin artıq bu xərclər azalıb.

Eyni fikirləri Bakıda keçirilən “AVRO-2020” yarışları haqqında da demək olar. Dünyanın ən nüfuzlu turnirlərindən sayılan futbol üzrə Avropa çempionatının oyunlarının Bakıya təyin olunması ölkəmizin dünya miqyasında mövqeyinin və ona olan etimadın göstəricisidir. Bu oyunlara gələcək xarici azarkeşlərin ölkə turizminə, xidmət sahələrinə qazandıracağı gəlirlərin nə qədər əhəmiyyətli olduğu hər kəsə məlumdur. Bununla yanaşı, bu çempionatın ölkəmizin daha da tanınmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacağı şübhəsizdir.

Azərbaycanda yarışların keçirilməsi üçün artıq infrastruktur qurulub, bu isə az xərc çəkməklə kifayət qədər gəlirli beynəlxalq yarışlar keçirməyə imkan verir. Bununla yanaşı, reklam işinə o qədər də çox vəsait xərclənmir. Çünki artıq Azərbaycan dünyada kifayət qədər tanınır.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR